Xəbərlər
Masallı rayonunun Boradigah qəsəbəsində seçicilərlə görüş keçirilib
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsinin təbliğat qrupunun üzvləri rayonun Boradigah qəsəbəsində seçicilərlə görüş keçiriblər.
Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib: “Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Azərbaycan cəmiyyətinin nümayəndələri ölkəmizin inkişafından, mövcud ictimai-siyasi sabitlikdən məmnundurlar. Əminliklə söyləyə bilərəm ki, bu seçkilərdə də seçicilər Azərbaycanın gələcək inkişafı, firavanlığı naminə cənab İlham Əliyevə səs verəcəklər. Azərbaycan seçicisinin seçimi birmənalıdır”.
Millət vəkili Elmira Axundova çıxış edərək bildirib ki, cənab İlham Əliyevin son 15 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrildi: “ Biz bir xalq, millət olaraq cənab İlham Əliyevlə fəxr edirik”.
Azərbaycan Tibb Universitetinin professoru Vəsadət Əzizov çıxışında qeyd edib ki, ötən 15 il ərzində Prezident İlham Əliyevin reytinqi xalq arasında əhəmiyyətli dərəcədə yüksəlməkdə davam edib: “Bu sosial-siyasi göstərici ölkə rəhbərinin effektiv fəaliyyətinin nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyi təmin edib, ölkəmizin milli maraqlarını qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə Azərbaycanın sabitlik adası kimi beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsinə nail olub. Bu kimi çoxsaylı uğurlar, əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək və xalq cənab İlham Əliyevi yenidən Prezident seçəcək”.
Sonra seçicilərdən Nəcibə Qafarova, Şəhla Məmmədova və başqaları çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər. Onlar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanacağına inandıqlarını bildiriblər.