Xəbərlər
Sumqayıt seçiciləri inkişafımızın davamlılığına səs verəcəklər
11 apreldə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Sumqayıt şəhər təşkilatı kampaniya çərçivəsində seçicilərlə növbəti görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, cənab İlham Əliyev ölkəmizin alternativsiz lideridir: "Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirib. Ona bu işdə dəstək olmaq üçün hər bir azərbaycanlı 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevin növbəti müddətdə ölkəmizə rəhbərlik etməsi üçün səs verməlidir".
Çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili əsası Ulu öndər tərəfindən qoyulmuş və bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun ölkəmizin inkişafındakı rolundan danışıb. T.Mirkişili qeyd edib ki, son illər Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişafı təmin edilib: "Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində istənilən sahədə, iqtisadi və sosial məsələlərin həllində gözəl nailiyyətlərimiz var. Keçirilən görüşlərdəki yüksək əhval-ruhiyyə onu göstərir ki, ictimai-siyasi proseslərdə daim fəallıq göstərən vətəndaşlarımız bu seçkilərdə də yaxından iştirak edəcəklər, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər".
Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri Eldar İsmayılov, Vəzirxan Ənsərov və başqaları bildiriblər ki, Sumqayıt seçiciləri hər zaman Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqdirlər və seçki günü bütün seçicilərimiz cənab İlham Əliyevə səs verəcəklər.