YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İdarə Heyətinin iclası keçirilmişdir

Yanvarın 19-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilmişdir.

İclasda YAP İdarə Heyətinin 2017-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2017-ci ilə dair illik statistik hesabat, partiyanın 2017-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2018-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilmişdir. 

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verərək, qeyd etmişdir ki, 2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilmişdir. Ötən ilin başlıca siyasi hadisəsi Azərbaycanda İslam həmrəyliyi ili çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə də, IV İslam həmrəyliyi oyunlarının paytaxt Bakıda keçirilməsi olmuşdur.

 Xususilə vurğulanmışdır ki, Azərbaycanın Birinci xanımı, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse – prezidenti təyin edilməsi Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin qəlbində möhtəşəm qürur və sevinc hissləri yaratmışdır. 

Hesabat ilində Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirmiş, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirmişdir. 

Hesabat dövründə  Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin daha da şaxələndirilməsi istiqamətində səylərini uğurla davam etdirmişdir.  Xüsusilə müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilmiş, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev partiyanın yaranmasının 25 illik yubileyi münasibəti ilə Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə iştirak etmiş və geniş nitq söyləmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, ölkəmizdə əldə edilən bütün uğurlarda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti və rolu danılmazdır. Partiyanın ölkənin aparıcı siyasi qüvvəsi kimi böyük məsuliyyəti hiss etməsi və onu öz üzərinə götürməsi mərasim iştirakçılarının nəzərinə çatdırılmışdır. Həmçinin, Yeni Azərbaycan Partiyasının dünya miqyasında çox böyük və güclü partiya imicinə malik olması qeyd edilmişdir.

Vurğulanmışdir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 noyabr tarixli Sərəncamında mükafata layiq görülənlər arasında Yeni Azərbaycan Partiyasının nümayəndələri də yer almışdır.

Qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də  davam etmiş, hesabat dövrü ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilmiş və beləliklə, partiya üzvlərinin sayı 710 min nəfəri keçmişdir. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil etmişdir.

İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilmişdir. Qeyd olunmuşdur ki, 2017-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 8 315 436 manat olmuşdur. Bunun 7 173 280  manatını üzvlük haqları, 1 142 156 manatını  büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil etmişdir.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 4 202 663 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 713 757  manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 42 785 manatı ezamiyyə xərclərinə, 204 302 manatı invertarların alınmasına, 4 419 586 manatı tikinti və təmir işlərinə, 421 317  manatı kommunal və təsərrüfat xərclərinə, 242 535 manatı yanacaq və avtomobillərə xidmət işlərinə,   59 930 manatı bank xidmətinə, 50 385 manatı dəftərxana xərclərinə, 38 285 manatı çap işlərinə, 104 986 manatı isə sair xərclərə sərf edilmişdir.

Beləliklə, əvvəlki illərin qalıq hesablarından köçürmələr də daxil olmaqla Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 10 500 531 manat təşkil etmişdir. Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 6 446 014 manat qalmışdır.