Xəbərlər
Əli Əhmədov: Dayanıqlı inkişaf ümumi məqsədlərə xidmət edən qlobal konsepsiya səciyyəsi daşıyır
«Həyata keçirilən məqsədyönlü siyasət sayəsində hərtərəfli və davamlı inkişafa nail olan Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 2015-ci il 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan ölkələr sırasında yer alır. Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq təsdiqlənən sənəd "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" adlanır və 17 dayanıqlı inkişaf məqsədini, 169 hədəfi və 231 göstəricini əhatə edir. BMT səviyyəsində belə bir sənədin qəbul edilməsi təsadüfi deyil». Bu fikirləri yap.org.az saytına Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, hazırda qlobal miqyasda müşahidə edilən mənfi tendensiyaların fonunda dayanıqlı inkişafla bağlı trendlər böyük aktuallıq daşıyır. Onun sözlərinə görə, bəşəriyyət inkişafın kifayət qədər yüksək mərhələsinə çatmasına baxmayaraq, dünyada layiqli insan həyatını təmin etmək üçün ciddi problemlər var. Dünyanın bəzi qitələrində on milyonlarla insan işsizlikdən əziyyət çəkir. Xəstəliklər ayrı-ayrı bölgələri narahat edən bir faktora çevrilib. Bəzi ölkələrdə insan ömrü 50-55 yaş arasındadır. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramında bu kimi problemlərin 2030-cu ilə qədər həll edilməsi nəzərdə tutulur.
«Dayanıqlı inkişaf ümumi məqsədlərə xidmət edən qlobal konsepsiya səciyyəsi daşıyır. Hər bir milli dövlət isə əhatəli və uzunmüddətli dövrə hesablanan inkişafı ilə həm öz əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına nail olmalı, həm də bütün dünyanı narahat edən problemlərin həllinə töhfəsini verməlidir. Bu baxımdan Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Özünün məqsədyönlü siyasətində daim milli maraqlardan çıxış edən Azərbaycan, eyni zamanda, qlobal çağırışlara adekvat olaraq ölkədə daha dayanıqlı inkişafın təmin olunmasına güclü siyasi iradə nümayiş etdirir.
«Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın qurulması, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə Prezident İlham Əliyevin 2016-cı ildə imzaldığı müvafiq Fərmana əsasən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın əsas vəzifələri qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən Dövlət proqramlarının və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin olunmasıdır. Azərbaycanın bu proqrama qoşulmasında məqsəd ölkəmizin müasir dünyamızın dəyişməsi prosesində iştirak etmək niyyəti ilə əlaqədardır. Azərbaycan inkişaf edən ölkələr sırasındadır. İqtisadiyyatımız son illər ciddi şəkildə genişlənib. Eyni zamanda, Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün ciddi infrastruktur yaradılıb. BMT-nin bəhs olunan proqramına qoşulmaqda məqsədimiz insanlarımızın həyat şəraitini və həyat keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Beləliklə, biz Azərbaycanın milli inkişaf proqramında göstərilən hədəflərin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması kimi vəzifəni də üzərimizə götürmüşük. Dövlət qurumları ilə Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri, o cümlədən vətəndaş cəmiyyəti təsisatları da bu məqsədlərin həyata keçirilməsində fəal iştirak etməlidir. Düşünürük ki, hökumətin qoşulduğu bu proqramın uğurla həyata keçirilməsində, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyəti təsisatları, qeyri-hökumət təşkilatları öz töhfələrini verə bilərlər»-deyə, Baş nazirin müavini qeyd edib.