Xəbərlər
Fransız tarixçi İv Benar: Bütün yazılı mənbələr sübut edir ki, ermənilərə qarşı soyqırımı olmayıb
XXI əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətdir. Yeni kitabımda ermənilərin dəhşətli əməllərini ictimaiyyətə çatdırmaq və onların “erməni soyqırımı” adlandırdıqları hadisələrdə əslində daha çox türklərin qırğına məruz qaldıqlarını göstərməkdir.
Bu fikri fransız tarixçi İv Benar “Türk-erməni fikir ayrılığı” adlı yeni kitabı ilə bağlı söyləyib.
Tarixçi bildirib ki, bu kitab onun beşillik elmi tədqiqatlarının bəhrəsidir, yalnız yazılı mənbələrə və canlı şahidlərin fikirlərinə əsaslanır. O, kitabı yazarkən Fransanın, eləcə də Türkiyənin kitabxana və arxivlərində tədqiqat apardığını, ermənilərin iddia etdikləri “soyqırımı” ilə bağlı həmin hadisələri yaşamış ailələrin üzvləri ilə Türkiyədə görüşdüyünü deyib. “Təəssüf ki, bu insanların əksəriyyəti dünyasını dəyişib. Amma az da olsa belə insanlarla görüşüb onları dinləmişəm. Həmin insanlar yaşadıqları dəhşətləri danışanda göz yaşlarına qərq olurlar. Onların söylədikləri insanın qəlbini ağrıdır”, - deyə o qeyd edib.
İv Benar tədqiqatının qərəzli olmaması üçün hər iki tərəfi dinləməyə hazır olmasına baxmayaraq, ermənilərin onunla görüşdən imtina etdiklərini bildirib. Erməni yazılı mənbələrinə və kitablarına da müraciət etdiyini deyən alim oxuduqlarından, şahidlərin söylədiklərindən dəhşətə gəldiyini, onda getdikcə “erməni soyqırımı” deyə bir hadisənin olmadığına, bunun ermənilərin mifi olduğuna əminlik yarandığını vurğulayıb.
İkinci Dünya müharibəsi dövründə Fransanın Oradur-sür-Qlan kəndinin bütün sakinlərinin nazilər tərəfindən yandırıldığını xatırladan fransız tarixçi ermənilərin törətdiyi dəhşətlərin daha qəddar olduğunu bildirib. “Müraciət etdiyim yazılı mənbələrdə qeyd olunub ki, ermənilər türkləri və azərbaycanlıları evlərinə, məscidlərə və anbarlara dolduraraq diri-diri yandırıblar. 1914-1918-ci illərdə cəmiyyətin yararlı kişilərinin müharibədə olduğu bir vaxtda Daşnaksütyun partiyasının üzvləri mülki şəxsləri - qadınları, uşaqları və qocaları kütləvi halda qətlə yetirib və kəndləri yandırıblar. Ermənilərin iddia etdikləri “soyqırımı” zamanı əslində daha çox türklərin qətlə yetirildiyini yazılı mənbələr təsdiqləyir. Ermənilərdən də ölənlər olub, ancaq iddia edildiyi sayda yox. Ermənilər əvvəllər 1 milyon 500 min erməninin qətlə yetirildiyini iddia edirdilər. Sonradan bu rəqəmi 2 milyona qaldırdılar. Halbuki cəmi 400 min erməni ölüb ki, onların əksəriyyəti öz əcəli ilə dünyasını dəyişib, digərləri türklər və fransızlar kimi həmin dövrdə bütün ölkələrin məruz qaldığı aclıq və soyuqdan həlak olublar. Bütün bunlar yazılı mənbələrdə də öz təsdiqini tapır. Ermənilərə qarşı heç bir planlaşdırılmış kütləvi qırğın olmayıb”, - deyə İ.Benar diqqətə çatdırıb.
Tarixçi alim ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli hadisələrin şahidləri ilə də görüşüb onları dinlədiyini vurğulayıb. O deyib: “Həmin dövrün səfirlərinin yazılarını oxuyanda ermənilərin törətdiyi dəhşətlər barədə məlumat əldə edirik. Yeni kitabımı oxuyanlar bu mövzuda daha asanlıqla danışa biləcəklər, çünki bu kitab çoxsaylı sübutları əks etdirir”.
Qeyd edək ki, tarixçi İv Benar 2009-cu ildə “Erməni soyqırımı, yoxsa bizi aldadıblar?” adlı birinci kitabının nəşri zamanı erməni lobbisinin təzyiqlərinə və təhqirlərinə məruz qalıb. O, kitabın çapı üçün 60-a qədər müxtəlif nəşriyyata müraciət etsə də, onlardan çoxu cavab verməyib və ya imtina edib. Buna baxmayaraq alim sonuncu kitabını çap etdirməyə nail olub.