Xəbərlər
Astanada “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub
Noyabrın 27-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri, Qazaxıstan Respublikası Birinci Prezidenti Kitabxanasının direktor müavini Мahmud Kasımbekov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və başqaları iştirak ediblər.
Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Мahmud Kasımbekov tədbirdə çıxış edərək deyib ki, Nursultan Nazarbayev haqqında kitabın Azərbaycan dilində nəşri ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişafının bariz nümunəsidir. O vurğulayıb ki, bu kitab Qazaxıstan Prezidenti barədə latın qrafikası ilə nəşr edilən ilk əsərdir.
Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, kitabın ön sözünün müəllifi Əli Həsənov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrindən, təqdimatı keçirilən əsərin məziyyətlərindən danışıb. Prezidentin köməkçisi eyni taleyi yaşayan xalqlarımızın həyatında liderlərimizin mühüm rolundan söhbət açıb.
Qeyd edilib ki, Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsi olaraq hazırda Qazaxıstanda xalqlar və millətlər arasında möhkəm sülh, sabitlik hökm sürür, multikultural dəyərlər daşıyan funksional bir cəmiyyət formalaşıb. 130-dan artıq xalqın nümayəndələri, o cümlədən azərbaycanlılar vətəndaş sülhü və ümummilli həmrəylik şəraitində yaşayır və fəaliyyət göstərirlər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin həyat yolundan bəhs edən kitabın Azərbaycan dilinə tərcüməsini əhəmiyyətli hadisə adlandırıb. O, kitaba ön söz yazdığına görə Əli Həsənova minnətdarlığını bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, bu kitabın nəşri Azərbaycan xalqının qazax xalqına sevgisinin bariz göstəricisidir. O, Qazaxıstanın latın əlifbasına keçidinin xalqlarımızın daha da yaxınlaşmasına töhfə verəcəyini vurğulayıb, təqdimatı keçirilən əsərin latın əlifbası ilə çap olunmasının əhəmiyyətini qeyd edib.
Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xidmətlərindən danışıb. O, əlaqələrimizin hazırda prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev tərəfindən daha da inkişaf etdirildiyini vurğulayıb.
Xatırladaq ki, kitabı rus dilindən Azərbaycan dilinə Azərbaycan Ali Media, İ.Qaspralı adına Beynəlxalq Türk Akademiyasının media mükafatları laureatı, publisist-jurnalist, Azərbaycan Televiziyasının Orta Asiya ölkələri üzrə müxbir bürosunun keçmiş rəhbəri Aida Eyvazova (Aida Eyvazlı Göytürk) tərcümə edib. Nəşrin məsləhətçiləri Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev, redaktoru Vəli Əkbərdir.
Kitabın təqdimatından sonra Əli Həsənov Qazaxıstanın “Xabar” dövlət televiziya kanalına müsahibə verib. Əli Həsənov Nursultan Nazarbayevin Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb. “Prezident İlham Əliyev mükafatın təqdim edilməsi mərasimində vurğulayib ki, Nursultan Nazarbayev ulu öndər Heydər Əliyevin və Azərbaycan xalqının böyük dostudur”, - deyə Azərbaycan Prezidentinin köməkçisi bildirib.