YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Angelino Alfano: Azərbaycan İtaliyanın etibarlı tərəfdaşıdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 24-25-də Palermoda keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və İtaliya arasında qarşılıqlı anlaşma, dostluq və dialoqa əsaslanan münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib və əlaqələrin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano Elmar Məmmədyarovun konfransda iştirakını yüksək qiymətləndirib və buna görə təşəkkür edib. O, Azərbaycanı İtaliyanın etibarlı tərəfdaşı adlandırıb, həmçinin dünyəvi və mötədil ölkə olan Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiklərini deyib.

İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edən Elmar Məmmədyarov İtaliyanın ölkəmizin Avropa İttifaqında ən mühüm tərəfdaşlarından olduğunu diqqətə çatdırıb.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətini qeyd ediblər. İtaliya xarici işlər naziri ölkəsinin qaz təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində TAP layihəsinin əhəmiyyətini vurğulayıb.

Görüş əsnasında iki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm-təhsil, turizm və digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafı məmnunluqla qeyd olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov nizamlanma ilə bağlı ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsaslanan ədalətli mövqeyini bir daha bəyan edib. O, Avropa İttifaqının Təhlükəsizlik Strategiyasında təsbit olunduğu kimi dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.

Gələn il ATƏT-ə sədrliyi dövründə ölkəsinin prioritetlərinə toxunan Angelino Alfano İtaliyanın münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh yolu ilə həllinə yardım edə biləcək səyləri dəstəklədiyini deyib.

Görüşdə Azərbaycan–Avropa İttifaqı münasibətləri nəzərdən keçirilib, italiyalı nazir bu əməkdaşlığı dəstəkləməkdə davam edəcəklərini diqqətə çatdırıb. Nazir Elmar Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə davam etdirildiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, habelə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında məlumat verib, bu istiqamətdə əməkdaşlığın əlverişli perspektivlər vəd etdiyini deyib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.