Xəbərlər
Mahmud Məmməd-Quliyev: Azərbaycan özünü beynəlxalq arenada sadiq və etibarlı tərəfdaş kimi nümayiş etdirib
BMT-nin Azərbaycandakı nümayəndəliyi təşkilatın yaradılmasının 72-ci ildönümü - BMT Günü və BMT-Azərbaycan münasibətlərinin qurulmasının 25 illiyi ilə əlaqədar qəbul keçirib. Qəbul çərçivəsində BMT-Azərbaycan münasibətlərinə dair fotosərgi nümayiş etdirilib.
Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai təşkilatın 72 il əvvəl BMT Xartiyasının üzv dövlətlər tərəfindən ratifikasiya edilməsi ilə yaradıldığını xatırladıb. Bu gün həm də BMT-Azərbaycan münasibətlərinin 25 illiyinin qeyd edildiyini deyən Q.İshaqzai vurğulayıb ki, bu münasibətlə xüsusi kitab da nəşr edilib. Azərbaycan BMT-nin sülhyaratma əməliyyatlarına, təşkilatın müxtəlif tədbirlərinin keçirilməsinə böyük dəstək verir.
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib ki, Azərbaycanın BMT-yə üzvlüyü ölkəmizin müstəqilliyi qədər möhtəşəm olub. Ölkəmiz BMT ilə münasibətlərinin inkişaf etdirilməsinə və əlaqələrin şaxələndirilməsinə çalışıb. Azərbaycan özünü beynəlxalq arenada sadiq və etibarlı tərəfdaş kimi nümayiş etdirib. Bu illər ərzində Azərbaycana dəstəyinə görə BMT-yə təşəkkür edən Mahmud Məmməd-Quliyev bu gün Azərbaycanın təşkilatın humanitar və insan hüquqları ilə bağlı çox mühüm qətnamələrinin qəbul edilməsində fəal iştirak etdiyini söyləyib. Nazir müavini əlavə edib ki, Azərbaycan qısa müddətdə BMT-nin Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Komissiyasına və digər mühüm strukturlarına üzv seçilib.
Sonra BMT-nin baş katibi Antonio Quterreşin videomüraciəti səsləndirilib.
Tədbir konsert proqramı ilə davam edib.