Xəbərlər
Azərbaycanın Baş naziri Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Oktyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Pan-Afrika Parlamenti prezidentinin ölkəmizə ilk səfərinin qarşılıqlı faydalı əməkdaşlığımızın uğurlu başlanğıcı olacağına əminliyini bildirən Baş nazir Artur Rasi-zadə Azərbaycan ilə Afrika İttifaqı arasında əlaqələrin davamlı inkişafı üçün iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə geniş potensialın mövcudluğunu qeyd edib. Baş nazir Azərbaycan və Afrika İttifaqı ölkələri arasında işgüzar əlaqələrin qurulması baxımından zəruri hüquqi bazanın yaradılması ilə yanaşı, iş adamlarının iştirakı ilə biznes forumların, konfransların, müxtəlif sərgilərin təşkilinin də vacib olduğuna diqqəti yönəldib.
Ölkəmizlə hərtərəfli əməkdaşlığa maraq göstərdiklərini deyən Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq səfər çərçivəsində keçirilən görüşlər barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verib. O, xüsusən Azərbaycanın brendi olan “ASAN xidmət” modeli ilə tanışlıq zamanı orada yaradılmış şəraitin və nümunəvi iş prinsipinin nümayəndə heyətində böyük maraq doğurduğunu deyib. Vaxtilə yüzlərlə afrikalının Azərbaycanda ali təhsil aldığını minnətdarlıqla xatırladan qonaq hazırda Bakıda təhsil alan afrikalı tələbələrlə görüşdən, tədris komplekslərində onlara yaradılan şəraitlə tanışlıqdan məmnun qaldıqlarını bildirib.
Görüşdə bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.