Xəbərlər
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Oktyabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirinin müavini, ikitərəfli hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun İran tərəfindən həmsədri, general-mayor Höccətullah Qoreyşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Z.Həsənov Bakıda iki ölkənin Müdafiə nazirlikləri arasında hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun işə başlaması münasibətilə təbriklərini çatdırıb. Nazir bunun müdafiə və təhlükəsizlik sahələrində münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb. Bildirilib ki, hazırda Bakıda keçirilən işçi görüşünün təməli 2015-ci ildə İranın müdafiə nazirinin Azərbaycana səfəri çərçivəsində baş tutan görüşlərdə iki ölkənin Silahlı Qüvvələri arasında birgə işçi qrupunun yaradılması məsələsinin müzakirəsi zamanı qoyulub.
Müdafiə naziri Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının uzun illərdir Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın didərgin düşdüyünü və qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərini qonağın diqqətinə çatdırıb.
Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluğunu bildirən H.Qoreyşi bu münasibətlərin inkişafında hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib. Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, o cümlədən Dağlıq Qarabağ probleminə toxunan qonaq, münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, İranın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin iki ölkənin hərbi sahədə əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, Xəzər hövzəsində təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər problemlər ətrafında fikir mübadiləsi aparılıb.