Xəbərlər
Türkiyənin Ədalət və İnkişaf Partiyasının qurultayı Əhməd Davudoğlunun partiya sədri seçilməsi ilə başa çatıb
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən qurultayı xarici işlər naziri Əhməd Davudoğlunu AKP-yə sədr seçib.
Eyni zamanda, Əhməd Davudoğlu hakim partiyanın sədri kimi AKP-nin yeni hökumətini qurmaq üçün baş nazir səlahiyyətini qazanıb.
Qurultayda çıxış edən AKP sədri Əhməd Davudoğlu partiyanın yeni hədəflərindən danışıb.
Qurultay qarşısında hesabat məruzəsi ilə çıxış edən Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin yeni Prezidenti seçilməsi ilə əlaqədar AKP sədrliyindən istefa verib.
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti - YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qurultayda iştirak ediblər.
Türkiyənin yeni Prezidenti Rəcəb Tayyib Ərdoğan və AKP sədri Əhməd Davudoğlu ilə görüşən deputatlarımız onları səmimi qəlbdən təbrik edib, gələcək fəaliyyətlərində uğurlar diləyiblər.
Azərbaycan xalqına səmimi salamlarının çatdırılmasını xahiş edən Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Bakıya səfər edəcəyini bildirib.