Xəbərlər
Azad Laçın yeni inkişaf dövrünə qədəm qoyub
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Tarixi Qələbəmizin əbədiləşdirilməsinə xidmət edən addımlardan biri Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamıdır. Sənəddə də qeyd edildiyi kimi, 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Belə ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır
Həmin Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür. Tarixə nəzər salaq. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Əvvəldə də qeyd etdiyimiz kimi, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Hazırda bütün işğaldan azad edilən torpaqlarımız cənnət məkana çevrilir. Bu gün Laçın rayonun timsalında bütün azad edilmiş torpaqlarda görülən və görüləcək işlər barədə aydın təsəvvür yaranır. Bərpa-quruculuq işləri Baş plan əsasında həyata keçirilir. Bu baxımdan azad edilmiş ərazilərimizin hər biri müasir tələblər səviyyyəsində yenidən qurulur, soydaşlarımız üçün bütün imkanlar yaradılır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri Böyük Qayıdış Proqramının uğurlu icrasına və soydaşlarımızın tam şəkildə bu ərazilərə qayıdışına xidmət edən mühüm addımlarla tarixə yazılır. Ötən dövr ərzində dövlətimizin başçısının Laçın rayonuna 10-a yaxın səfəri olub. Hər bir səfər müəyyən sosial obyektlərin təməlqoyma, yaxud açılış mərasimlərinin keçirilməsi ilə yadda qalıb. 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində əsas diqqət göstərilən məsələlərdən biri yol-nəqliyyat infrastrukturunun yenilənməsi və genişləndirilməsidir. Bu baxımdan Laçın rayonunda da görülən işlər diqqətdədir. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tuneldən 16-da tikinti işləri uğurla davam etdirilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir. Bölgənin beynəlxalq statusunu və əhəmiyyətini artıran layihəni xüsusi qeyd etməliyik. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verildi. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Təbii ki, görülən işləri tam şəkildə qeyd etmək mümküm deyil. Onların miqyası olduqca genişdir. Reallıq budur ki, azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ qayıdışı ilə bu torpaqlara yeni nəfəs verir.
