Xəbərlər
Laçın: Zəfərdən inkişaf və tərəqqiyə
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, həmçinin 2023-cü ilin sentyabr ayında rəşadətli ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlardan biri, təbii ki, şanlı Qələbəmizin əbədiləşdirilməsinə xidmət edən addımlardır. Bu sırada işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsini qeyd edə bilərik. Bununla bağlı dövlətimizin başçısı İlham Əliyev Sərəncam imzalayıb. Həmin sənədə əsasən 26 avqust Laçın Şəhəri Günüdür.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
Laçın rayonu yeni inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun” çağırışı özündə mühüm məqamları ehtiva edir. Belə ki, hazırda azad Qarabağ və azad Şərqi Zəngəzur şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edirlər. Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumlarının hər biri həm tədbirlərə ev sahibliyi edən şəhərlərimizin, həm də ümumilikdə azad edilmiş ərazilərimizdə genişmiqyas alan bərpa quruculuq işlərinin əsasında bu torpaqların 30 illik işğal dövründə yaşadıqları dağıntıların dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan Milli Şəhərsalma forumları bu il ölkəmizin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyini şərtləndirdi. Qısa zamanda bu torpaqlarımızın böyük bərpa işləri ilə diqqətdə olması qürurvericidir.
Bu gün azad Laçının dirçəlişindən, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışından bəhs edirik. Tarixi Zəfərimizdən ötən dövrdə dövlət başçısı İlham Əliyevin Laçın rayonuna 10-a yaxın səfəri olub. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır. Belə ki, Prezident İlham Əliyev xeyli sayda sosial obyektlərin açılışında və təməlqoyma mərasimində iştirak etmiş, görülən işlərlə tanış olmuşdur. Ötən ilin 28 May-Müstəqillik Günündə cənab İlham Əliyevin Laçın rayonuna səfəri zamanı tariximizə yazılan qürurverici səhifələrin say tərkibinə diqqət yetirmək kifayətdir. Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Həmçinin Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirildi. Artıq bu gün azad edilmiş hər bir ərazimiz diplomatik mərkəz kimi diqqətdədir. Beynəlxalq əhəmiyyətli tədbirlərə, Zirvə görüşlərinə ev sahibliyi bu torpaqların dünyaya təqdim etdikləri təkmil dirçəliş modelinin nəticəsidir.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verildi. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Şanlı Qələbə biri-birindən möhtəşəm günlərə, tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrə yol açıb. Bütün azad olunmuş torpaqlarımız dirçəlir, özünün sevincli, xoşbəxt günlərini yaşayır. 30 il səbirsizliklə gözlədiyimiz bu sevincin şahidinə çevrilmək, bu hissləri yaşamaq böyük xoşbəxtlikdir.
