YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İranlı nazir Salehi Əmiri: Azərbaycan ilə İranın daha da yaxınlaşması üçün əsaslı səbəblər var

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti avqustun 7-də bu ölkənin mədəniyyət və islam irşad naziri Salehi Əmiri ilə görüşüb.

Azərbaycandan gələn qonaqlarla görüşdən həmişə şad olduğunu bildirən nazir deyib ki, xalqlarımızın tarixi yaxınlığı dövlətlərin əməkdaşlıq əlaqələrini gücləndirməsini zərurətə çevirib. Hər iki xalqın İslam dininə etiqad etməsi qarşılıqlı əlaqələrin inkişafına daha da təkan verir. Bu gün İran və Azərbaycan xalqları arasında ayrı-seçkilik salmaq üçün heç bir əsas yoxdur. Əksinə, xalqlarımızın və dövlətlərimizin daha da yaxınlaşması üçün əsaslı səbəblər var.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində deputatların, mədəniyyət, elm və din adamlarının olması onu deməyə əsas verir ki, dövlətlərimiz arasındakı münasibətlər yüksək səviyyədədir.

“İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda keçirilən konfransın təşkilinə görə İran dövlətinə təşəkkür edən Allahşükür Paşazadə qeyd edib ki, bu cür tədbirlər qarşılıqlı əlaqələrin inkişafı ilə yanaşı xalqların, həmrəyliyini reallığa çevirəcək.

Şeyxülislam bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ili ölkəmizdə “Multikulturalizm İli”, bu ili isə “İslam Həmrəyliyi İli” elan edib. “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarından sonra ilk konfransın məhz İranda keçirilməsi qərara alındı. İran ilə Azərbaycan arasında çox oxşar cəhətlər var. Mədəniyyətimiz, tariximiz, dinimiz birdir. Bu amillərdən istifadə edərək bir-birimizi müdafiə etməliyik. Həmrəy olmalıyıq ki, dünyada islamofobiyanın, radikalizmin və terrorçuluğun qarşısını ala bilək. Bu gün dünyada islamofobiya meyilləri var. Azərbaycan Prezidenti bütün xarici səfərlərində və beynəlxalq təşkilatların tribunalarından çıxış edərkən daim islamofobiyanı pisləyərək dövlətləri və xalqları həmrəyliyə dəvət edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Allahşükür Paşazadə deyib ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarındakı dini memarlıq abidələrini, məscidləri vəhşicəsinə dağıdaraq təhqir edirlər. Bu, yolverilməzdir.

Azərbaycanın Rusiyadakı səfiri, UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu görüşdə bildirib ki, o, bu yüksək vəzifəyə yeganə müsəlman namizəddir. Səfir bu vəzifəyə seçilməkdə İran nümayəndələrinin dəstəyinə ümid etdiyini söyləyib.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Eldar İbrahimov və Hikmət Məmmədov, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak ediblər.