Xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında üçüncü yerə çıxa bilər
Fındıqçılıq son illər ərzində Azərbaycanda inkişaf edib. Düzdür, lazım olan səviyyədə inkişaf etməyib, ancaq əgər statistikaya baxsaq görərik ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idi, 2013-cü ildə bu, 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb. Hazırda 55 min hektarda fındıq bağları salınıb. Bu da onun nəticəsidir ki, dövlət bu sahənin də inkişafını öz üzərinə götürüb. Əkin sahələri 32 min hektardan 55 min hektaradək artıb, yəni 23 min hektarda yeni fındıq bağları salınıb. Bu, son hədəf deyil.
Bu sözləri Prezident İlham Əliyev Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.
Azərbaycan 25 ölkəyə fındıq ixrac edir
Dövlətimizin başçısı deyib: “14 min 800 ton fındıq ixrac edilib. Fındıq ixrac edilən əsas ölkələr bunlardır: İtaliyaya 40 milyon dollar, Rusiyaya 30 milyon dollar və Almaniyaya 24 milyon dollar səviyyəsində. Amma, bütövlükdə, 25 ölkəyə fındıq ixrac edilir. Yəni, bu, onu göstərir ki, həmin ölkələrdə tələbat var, sadəcə olaraq, bu ölkələrə çox az həcmdə fındıq ixrac edilir. Bu statistika onu göstərir ki, fındığın ixracı ilə bağlı gələcəkdə heç bir problem olmayacaq. Sadəcə olaraq, biz tezliklə əkin sahələrini genişləndirməliyik və fermerlərə kömək göstərməliyik”.
“Fındıqçılar gərək çalışsınlar ki, bu liderliyi əldən verməsinlər”
Fındıq bağları sahəsinin 80 min hektara çatdırılmasının qarşıya məqsəd kimi qoyulduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu, aparılmış təhlil əsasında formalaşmış real rəqəmdir. Növbəti bir neçə ildə məqsədə nail olunmalıdır.
Dövlətimizin başçısı bildirib ki, fındıq keçən il kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən məhsul olub. Fındıqçılar gərək çalışsınlar ki, bu liderliyi əldən verməsinlər.
Keçən il fındıq satışından ölkəyə 105 milyon dollar valyuta gəlib. Ancaq satış qiyməti aşağı olub. Bu barədə danışan Prezident İlham Əliyev deyib: “Məndə olan arayışda göstərilir ki, keçən il bir kiloqramının qiyməti 4,8 manat olub, 2017-ci ilin aprel ayında 6,2 manata satılıbdır. Dünya üzrə qiyməti isə hazırda bizim pulla 10 manatdır. Ona görə hesab edirəm ki, fındığın satış qiyməti ilə bağlı artım üçün imkanlar var. Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra təqribən 20 min nəfərə çatacaqdır. Bizim tövsiyəmizlə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradıldı ki, bu işlər mərkəzləşmiş qaydada aparılsın, fermerlərə kömək göstərilsin, onların məhsulu mərkəzləşmiş şəkildə alınsın və ixrac edilsin”.
Ölkəmizdə yetişdirilən fındıq sortları xarici bazarlarda yüksək qiymətləndirilir
Fındığın əsas alıcılarının böyük şokolad fabrikləri olduğunu bildirən Prezident İlham Əliyev deyib ki, fındıq məhsulunun çeşidi də artmalıdır. Çünki biz bunu xaricə daha çox vakuum şəklində satırıq. Xaricdə isə ya fabriklərdə istifadə olunur, ya da orada paketləmə aparılır. Biz paketləməni də, çeşidləməni də Azərbaycanda aparmalıyıq. Ona görə, yeni avadanlıq gətirilməlidir ki, hazır məhsulu dünya bazarlarına çıxara bilək. Bizdə yetişdirilən fındıq sortları çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir.
“İndi xarici ölkələrdə bizim ticarət evləri yaradılır. Birinci ticarət evi yaradılıb. Xarici ölkələrdə ticarət nümayəndəlikləri yaradılır, bir çox ölkələrə ticarət missiyaları göndərilibdir və fındıq ixracatı orada həmişə qeyd olunur. Ölkələr bu məhsulu qəbul etməyə hazırdır, sadəcə olaraq, biz istehsalı artırmalıyıq və hazır məhsul ixrac etməliyik. Fındıqçılar onu da yaxşı bilirlər ki, Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında birinci yerlərdədir. Biz indi görülən və görüləcək tədbirlər nəticəsində dünya miqyasında üçüncü yerə çıxa bilərik”, - deyə dövlətimizin başçısı qeyd edib.