Xəbərlər
Sahir Məmmədxanov: Ölkəmizin vergi sistemində modernləşmə prosesi aparılır
«Azərbaycanda vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının və vergi potensialının genişləndirilməsi, eyni zamanda investisiyaların cəlb edilməsi istiqamətində bu il Vergi Məcəlləsində dəyişikliklər edilib». Bu fikri vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov deyib.
S.Məmmədxanov bildirib ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviqi, dürüst və şəffaf uçotun qurulmasıdır.
«Hazırda ölkəmizin vergi sistemində modernləşmə prosesi aparılır. Vergilər Nazirliyi tərəfindən aparılan islahatlar nəticəsində Azərbaycan biznesə başlama meyarları sahəsində Dünya Bankının hesabatında yüksək göstəriciyə layiq görülüb»- deyə, nazir müavini vurğulayıb.