Xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir
«Avropa İttifaqı-Azərbaycan əlaqələri də uğurla inkişaf edir. Bu ilin əvvəlində mən Avropa Komissiyasına çox uğurlu səfər etmişəm. Səfərdən bir gün sonra Avropa Komissiyası ilə Azərbaycan arasında yeni saziş üzərində işlər başlamışdır. Əlbəttə, strateji tərəfdaşlıq haqqında bu gün imzalanan Birgə Bəyannamə hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır. Onu da qeyd etməliyəm ki, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var. Bu, əslində bizim strateji əməkdaşlığımızı əks etdirir». Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfəri zamanı prezidentlərin mətbuata bəyanatları zamanı deyib.
Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır. Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir.
«Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Dəhlizin yaradılması üçün 40 milyard dollar vəsait tələb olunur. Onun böyük hissəsi qoyulub. Azərbaycan milyardlarla dollar sərmayə qoyub və qoyur ki, bu dəhliz tezliklə reallaşsın. Əminəm ki, birinci mərhələ gələn il, ikinci və sonuncu mərhələ isə 2020-ci ildə başa çatacaq. Beləliklə, bizim Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq.Latviyanın bu əlaqələrin inkişafında çox böyük rolu var. Həmçinin Azərbaycan-NATO əlaqələrinin uğurla inkişafında da biz hər zaman Latviyanın dəstəyini hiss etmişik. Bu gün NATO-Azərbaycan əlaqələri - həm Əfqanıstan Respublikasında fəaliyyətimiz, həm logistik, nəqliyyat dəhlizi, ümumiyyətlə, bütün bu məsələlər, əlbəttə ki, NATO-ya üzv olan ölkələrlə bizim əlaqələrimizi gücləndirir»- deyə, Azərbaycan Prezidenti vurğulayıb.