Partiya xəbərləri
YAP Daşkəsən rayon təşkilatının X konfransı keçirilib
İyunun 2-də Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının IX konfransı keçirildi. Konfransda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov, Milli Məclisin deputatlarından Kamran Bayramov, Rövşən Rzayev, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev və digər qonaqlar iştirak edirdilər.
Tədbir iştirakçıları öncə Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev hesabat məruzəsi ilə çıxış edib. YAP-ın keçdiyi zəngin inkişaf yolundan danışan Meydanəli Yolçuyev qeyd edib ki, təsis konfransından keçən dövr ərzində YAP Daşkəsən rayon təşkilatı sıralarını xeyli genişləndirib. Bildirilib ki, YAP Daşkəsən rayon təşkilatı partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcək. Meydanəli Yolçuyev vurğulayıb ki, YAP Daşkəsən rayon təşkilatı partiyanın V qurultayında qəbul edilmiş qərarların, eləcə də İdarə Heyətinin qərarlarının icrasını daim yüksək səviyyədə həyata keçirib.
Meydanəli Yolçuyev nəzərə çatdırıb ki, rəhbəri olduğu rayon təşkilatı hər zaman öz nümunəvi fəaliyyəti ilə fərqlənməyə çalışıb, 2015-ci ildə keçirilmiş parlament seçkilərində və 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Sədrin hesabat məruzəsindən sonra nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.
Konfransda çıxış edən Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qeyd edib ki, o dövrdə hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Respublikanın şəhər və rayonlarından 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri, partiyanın Siyasi Şurası və İdarə Heyəti seçildi. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu. Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın bütün dünyada tanınmasına nail olub.
Əhəd Abıyev vurğulayıb ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətimizin tarixində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri olub. Bu partiya sağlam düşüncəli, sağlam fikirli insanları birləşdirmək və Azərbaycanın o mürəkkəb dövründə ölkənin problemlərinin həllində iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yarandı. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Yeni Azərbaycan Partiyası isə bu inkişafın önündə lokomotiv kimi çıxış edir, xalqa sədaqətlə xidmət edir.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov bildirib ki, YAP cəmiyyətdə böyük nüfuza sahib olan partiyadır. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə zəngin şərəfli yol keçib. İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Həyat çoxdan sübuta yetirib ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil.
Konfransda çıxış edən Milli Məclisin deputatlarından Kamran Bayramov, Rövşən Rzayev, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev YAP-ın tarixi zərurətdən yarandığını qeyd ediblər. Çıxışlarda qeyd olunub ki, YAP Azərbaycanın ictimai-siyasi həyatına qurucu partiya kimi daxil olmaqla həyatın bütün sahələrinə yeni ruh, yeni nəfəs gətirdi. Yarandığı gündən onun xalq arasında siyasi nüfuzu, siyasi gücü artdı, inkişafımızın bütün sahələrinə təsir etmək qabiliyyəti yüksəldi. 1992-ci il oktyabrın 24-də ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək YAP-ın yaranmasına və ona rəhbərlik etməyə razı olduğunu bildirdi: “Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. YAP yarandığı gündən çox qısa müddət sonra Azərbaycanda hakimiyyət partiyasına çevrildi və o zamandan da məhz Azərbaycan xalqının rifahı, dövlətmizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb.”
Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiyamız ötən dövrdə çətin və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Gələcəyinin də əzəmətli olması üçün burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir.
Konfransda çıxış edən təşkilat üzvləri YAP Daşkəsən rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini nəzərə çatdırıblar.
Konfransda daha sonra təşkilati məsələlər müzakirə edilib, Meydanəli Yolçuyev yenidən YAP Daşkəsən rayon təşkilatının sədri seçilib. Konfransda yeni tərkibdə rayon təşkilatının Şurası və İdarə Heyəti seçilib. Həmçinin bir qrup gəncə partiyanın üzvlük vəsiqələri verilib.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.