YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Müsəlman dünyasının mühüm tərkib hissəsi olan Azərbaycan İslam mədəni irsinin yaranması və qorunub saxlanmasında önəmli məkanlardan biri kimi tanınır

«Qədim tarixə, zəngin mədəni irsə, böyük təbii və insan resurslarına malik İslam aləmi müasir dünya nizamının, beynəlxalq münasibətlər sisteminin yaranması və inkişafında əhəmiyyətli rol oynamışdır. İslam dini həmişə sülh, tolerantlıq, humanizm ideyalarını təlqin etmiş və dünya sivilizasiyasına sanballı töhfələr vermişdir». Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin  İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan “OIC Journal” jurnalında dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində vurğulanıb.

Prezident İlham Əliyev məqaləsində bildirib ki, müsəlman dünyasının mühüm tərkib hissəsi olan Azərbaycan İslam mədəni irsinin yaranması və qorunub saxlanmasında önəmli məkanlardan biri kimi tanınır. VII-VIII əsrlərdən etibarən Azərbaycan ərazisində geniş yayılmış İslam dini xalqımızın mənəvi həyatını daha da zənginləşdirmiş, tarixin sonrakı mərhələlərində onun həyat tərzini və birgəyaşayış normalarını müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. Ölkə ərazisində Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Xalqımız həmişə öz tarixi keçmişinə, mənəvi sərvətlərinə hörmətlə yanaşmış, hətta 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət simvolu olan bayrağında İslama mənsubluğunu əks etdirmişdir. SSRİ-nin tərkibində olduğu dövrdə basqılara məruz qalmasına baxmayaraq, xalqımız dini ibadətgahların və məscidlərin bir hissəsini qoruyub saxlamış, dini dəyərlərinə sadiq qalmışdır.

«1990-cı illərin əvvəllərində dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda din və vicdan azadlığı bərqərar olmuş, dini abidələrin, məscidlərin, ibadətgahların bərpası sahəsində mühüm işlər görülmüşdür. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatmışdır. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilmişdir»- deyə, dövlət başçısının məqaləsində qeyd olunub.