Gündəm
Prezident İlham Əliyev: Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq siyasətimizin gündəliyində duran ən mühüm məsələlərdəndir
“Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq siyasətimizin gündəliyində duran ən mühüm məsələlərdəndir və bizim bu istiqamətdə təşəbbüslərimiz nəcib bir məqsədə - müsəlman ölkələrinin siyasi, iqtisadi və digər sahələrdə bir-birinə daha da yaxınlaşması işinə xidmət edir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymi ilə görüşündə səsləndirib.
Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatında qardaş müsəlman ölkələri ilə həmişə həmrəy olduğunu vurğulayan Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının da öz növbəsində Azərbaycana güclü dəstək verdiyini məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyev vurğuladı ki, İslam Əməkdaşlıq Təşkilatının sonuncu sammitində Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı kontakt qrupunun yaradılması qərarının qəbul edilməsi və təşkilatın münaqişə ilə bağlı ədalətli mövqeyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu mövqe Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin möhkəm əsaslarının qurulmasında mühüm rol oynayır. Dövlətimizin başçısı ölkəmizin bu təşkilatla həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirdi.