YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əli Əhmədov: Ermənistan regionda sülh, sabitlik və əminamanlıq üçün ən böyük təhlükədir

«Azərbaycan xalqı öz şəhidlərinin xatirəsini daim uca tutur. Şəhidlər hər birimiz üçün müqəddəsdir. Bu gün xalqımız daha bir qəhrəman oğlunu torpağa tapşırdı». Bu fikirləri Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün Sumqayıt şəhərində şəhid Hüseyn Abdinovun dəfn mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Əli Əhmədov bildirib ki, atəşkəs rejiminə baxmayaraq Ermənistan silahlı qüvvələri təxribat  hərəkətləri edir və bunun nəticəsində də insanlar həlak olur. Onun sözlərinə görə, Azərbaycan xalqı tökülən bu qanları yerdə qoymayacaq.

«Erməni tərəfinin təxribatçı hərəkətləri səbəbindən cəbhə xəttində döyüşlər baş verir. Bütün bunlar Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə əsəbi reaksiyasıdır. Eyni zamanda, bu təxribatlar işğalçı ölkənin daxilindəki gərgin vəziyyətdən diqqəti yayındırmaq məqsədi güdür. Ermənistan həmçinin, Azərbaycan dövlətinin güclənməsindən də xeyli narahatçılıq keçirir. Bütün bunların fonunda da cəbhə xəttində təxribatlar törədilir. Amma dövlətimizin gücü, xalqımızın mətanəti və torpaqlarımızın keşiyində duran əsgərlərimizin dəyanəti belə təxribatların qarşısını qətiyyətlə alır. Ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir»- deyə,  YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov bildirib ki, hər bir insan itkisi faciədir və ona da görə də, Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Xalqımızın sülhsevər xalq olduğunu deyən Baş nazirin müavini qeyd edib ki, bu mövqeyimiz bütün dünya ictimaiyyətinə məlumdur.

«Amma bu vəziyyət o vaxta qədər davam edəcək ki, Ermənistan tərəfi bunu başa düşsün və öz hərbi qüvvələrini işğal etdiyi torpaqlarımızdan geri çəksin. Amma son təxribatlar onu göstərir ki, erməni tərəfi hələ buna hazır deyil. Görünür, işğalçı Ermənistanın havadarları da belə gərginliyin davam etməsinə maraqlıdır. Ermənistanın Dağlıq Qarabağdakı separatçı, terrorçu rejimi dəstəkləməsi onu göstərir ki, bu dövlət dünyada  terrorizmi dəstəkləyir. Bütün bunlar deməyə əsas verir ki, bu gün Ermənistan regionda sülh, sabitlik və əminamanlıq üçün ən böyük təhlükədir»- deyən, Əli Əhmədovun sözlərinə görə, xalqımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrini yerinə yetirməyə hər an hazırdır. Artıq Ermənistanın gücünün qalmadığını deyən Əli Əhmədov bildirib ki, bu işğalçı dövlət, güclü Azərbaycana qarşı müqavimət göstərmək iqtidarında deyil. «Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək»- deyə, Əlli Əhmədov vurğulayıb.