YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq münasibətləri yeni çağırışlar və milli maraqlar əsasında tənzimləyir

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bir çox vacib siyasi mövzularla bağlı sualları cavablandırdı. Dövlət başçımız bir daha bəyan etdi ki, Vaşinqton razılaşması münaqişə və müharibənin sonudur. Təbii ki, Ermənistan öhdəliklərini yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları öz Konstitusiyasından çıxarmalıdır. Bundan sonra isə sülh müqaviləsi imzalanacaq. Bu, yenidən Ermənistana xatırlatma idi. Azərbaycanın yanaşması bundan ibarətdir ki, müharibənin başa çatmasının həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün açdığı yeni imkanlar düzgün dəyərləndirilməlidir. Vaşinqton razılaşmasının Ermənistan tərəfindən pozulma riskinə gəlincə, cənab Prezident bir daha bəyan etdi ki, İrəvanın bu razılaşmanı pozmaq şansı yoxdur. Əgər razılaşma pozulsa, bu, Ermənistan üçün daha ağır nəticələrə səbəb olacaq. Yəni, Ermənistanda hətta hakimiyyət dəyişikliyi olsa belə, iqtidara gələcək şəxslər dərk etməlidir ki, bu, Əliyev-Paşinyan razılaşması yox, Azərbaycan-Ermənistan razılaşmasıdır. Yəni, həmin sənəddə kimin imzasının olmasından asılı olmayaraq, bu, dövlətlərarası razılaşmadır və dövlətlərin məsuliyyətidir. Müsahibədə ən vacib mesajlardan biri Ermənistanın yenidən Azərbaycana qarşı mümkün ərazi iddiaları ilə bağlı idi və cənab Prezident bəyan etdi ki, bu, baş verərsə, cavab adekvat olacaq.

Vaşinqton görüşündə əldə olunan əsas razılaşmalardan biri də Zəngəzur dəhlizi (TRİPP marşrutu) idi ki, dünya mediası üçün bu dəhlizin son 5 ildə reallaşmamasının səbəbləri ilə maraqlanır. Cənab Prezident reallığın nədən ibarət olduğunu, prosesin bu həddə gəlməsinin əsas səbəblərini açıqladı. Bildirdi ki, Vətən Müharibəsindən sonra Azərbaycanın bu ərazini zorla ələ keçirmək imkanı olsa da, bunu etməyib, çünki Azərbaycan işğalçı dövlət deyil. Ermənistanın süni şəkildə prosesi uzatdığı, 5 ilə yaxın sırf kommunikasiya xətləri ilə danışıqların aparılması bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bugünkü reallıq bundan ibarətdir ki, 5 il Azərbaycanın tələbləri və qanuni istəyi qarşısında qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan nəhayət, Prezident Tramp və onun komandasının prosesə cəlb olunmasından sonra razılaşmaya getdi. Azərbaycan Zəngəzur dəhlizinin qlobal əhəmiyyətinə önəm verir və Ermənistanın da prosesə bu reallıqdan yanaşmasının tərəfdarıdır. Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizi üzrə daşımalarla yanaşı, Şimal-Cənub dəhlizi üzrə daşımalarda da istifadə olunacaq.

Dövlət başçımız Bakı-Moskva arasında davam edən gərginliyə də münasibət bildirdi. Azərbaycan bütün qonşularla bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır və Rusiyanın davranışlarının timsalında bizə qarşı hörmətsizlik yolverilməzdir, biz buna dözməyəcəyik. Ötən ilin dekabrında Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və bu ölkənin rəsmilərinin buna reaksiyası haqlı olaraq məyusluq doğurur. Rəsmi Bakının Moskvadan gözləntisi var – 44 günlük müharibə zamanı Rusiya vertolyotu vurularkən Azərbaycanın davranışı buna ən yaxşı nümunədir. Cənab Prezident xatırlatdı ki, bu zaman Azərbaycan dərhal üzr istədi və təzminat ödədi. Bu gün də bizim Rusiyadan gözləntilərimiz eynidir. Amma Rusiya nəinki üzərinə düşən öhdəliyi yerinə yetirmədi, əksinə, bu ölkədə məskunlaşan azərbaycanlılara qarşı təqiblər başladı. 2 nəfər soydaşımızın öldürülməsi ilə nəticələnən Yekaterinburq hadisələri baş verdi. Azərbaycan Prezidenti bir daha bildirdi ki, münasibətlərdə problemlərin yaranmasına görə məsuliyyət bizim üzərimizə düşmür.

“Əl-Ərəbiyyə” telekanalına müsahibə zamanı Azərbaycanın artan vasitəçilik təşəbbüslərinə də diqqət çəkildi. Əminliklə söyləyə bilərik ki, İsrail-Suriya, Türkiyə-İsrail arasında vasitəçilik təşəbbüsləri Azərbaycana beynəlxalq aləmdə etibarı nümayiş etdirir.

Dövlət başçımızın verdiyi əsas mesajlardan biri də Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı idi. “Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Bizim bununla bağlı mövqeyimiz birmənalıdır” – deyən dövlət başçımız beynəlxalq vasitəçilik missiyası zamanı da bu məsələnin rəsmi Bakı üçün prioritet təşkil etdiyini diqqətə çatdırdı.