YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici siyasətdə yeni yanaşmalar və əməkdaşlıq imkanları

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə mühüm mesajlarla yadda qaldı. Dövlətimizin başçısı Azərbaycanın siyasi xəttinin konturları ilə bağlı ölkə və dünya ictimaiyyətini məlumatlandırdı. Ölkə rəhbəri “Əl-Ərəbiyyə” televiziya kanalına müsahibəsi ilə bir çox məsələlərə aydınlıq gətirdi, mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi.

Azərbaycan Prezidenti ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar prinsipial mövqedə olduğunu bildirərək vurğuladı ki, Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın mövqelərinə əsaslanır. Bu bir reallıqdır ki, Vaşinqton anlaşması 44 günlük müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə başlanan sülh danışıqlarının məhz ölkəmizin maraqlarına uyğun şəkildə məntiqi sonluğa çatdırılması idi. İmzalanmmış Birgə Bəyannamədə isə Azərbaycanın bütün tələbləri təsbit edilib. Bununla Azərbaycan və Ermənistan ATƏT-in baş katibinə de-fakto mövcud olmayan Minsk qrupunun de-yure buraxılması ilə bağlı birgə müraciət ünvanlayıb. Bununla da 30 ildə heç bir müsbət fəaliyyəti ilə xarakterizə olunmayan Minsk Qrupu tarixin arxivinə göndərildi.

Digər mühüm məsələ Zəngəzur dəhlizi və TRIPP marşrutu ilə bağlıdır. Zəngəzur dəhlizinin açılması – Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsi ilə bağlı olan razılaşmadır. Prezident İlham Əliyev qeyd etdi ki, bu layihə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və qlobal tranzit sistemləri üçün strateji əhəmiyyət daşıyır. Çünki Zəngəzur dəhlizinin açılması regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyətlidir. Bu layihə Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirəcək, Ermənistanı tranzit ölkəyə çevirəcək, bölgədə yeni əməkdaşlıq imkanları yaradacaqdır. ABŞ Prezidenti Donald Tramp tərəfindən “TRIPP – Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” adının verilməsi layihəyə beynəlxalq siyasi dəstəyin göstəricisi kimi qiymətləndirilib. Sözsüz ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının dəyişdirilməsi məsələsi yekun sülh sazişinin imzalanması üçün əsas tələb kimi bir daha beynəlxalq ictimaiyyətin gözü önündə bəyan edildi.

Prezidentin sülh müqaviləsinə dair mövqeyi Azərbaycanın regional əməkdaşlığa açıq olduğunu nümayiş etdirir. Çünki Bakı müharibədən sonra revanşist ritorikaya yox, iqtisadi inteqrasiya və kommunikasiya xətlərinin açılmasına üstünlük verir. Sülh müqaviləsi imzalansa, bu, təkcə iki ölkə arasında deyil, həm də bütün region üçün yeni iqtisadi imkanlar yaradacaq. Belə bir sənədin imzalanması həm Türkiyə, həm də Avropa İttifaqı, hətta Yaxın Şərq ölkələri üçün də strateji əhəmiyyət daşıyır, çünki Cənubi Qafqaz enerji təhlükəsizliyində mühüm tranzit zonadır. Burada diqqətçəkən məqam odur ki, Azərbaycan artıq qlobal mətbuata çıxaraq öz mövqeyini beynəlxalq ictimaiyyətə izah edir. Bu, ölkənin diplomatik fəallığının artdığını və proseslərin yalnız ikitərəfli deyil, beynəlxalq kontekstdə də izlənildiyini göstərir. Nəticə etibarilə, Prezidentin bu tezisi bölgədə sülhün labüdlüyünü önə çəkir və Ermənistan üçün bir seçim qoyur: ya regional əməkdaşlıqdan faydalanmaq, ya da təcrid vəziyyətində qalmaq. Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir. Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə Azərbaycanın xeyrinədir.

Göründüyü kimi, nüfuzlu “Əl-Ərəbiyyə” televiziya kanalına dövlət başçımızın müsahibəsi regiondakı proseslərlə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir.