YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrailin sabiq Baş naziri V Qlobal Bakı Forumunda transatlantik əlaqələrin gələcəyindən danışacaq

İsrailin sabiq Baş naziri Ehud Barak və Knessetin keçmiş prezidenti, həmçinin dövlət başçısı olmuş Dalia İtzik Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana gələcəklər. Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, sabiq Baş nazir Ehud Barakın “Transatlantik əlaqələrin gələcəyi: Real siyasətə qayıdış” adlı prezident panelində çıxışı nəzərdə tutulub. Panel müzakirələrdə Ehud Barakla yanaşı, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Latviyanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, tanınmış jurnalist, “CNN” telekanalının aparıcısı Farid Zakariyanın iştirakı planlaşdırılır.

Forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq. Forumun işində 50 ölkədən 200-dən artıq hazırkı və sabiq dövlət başçısı, hökumət rəhbərləri, fəaliyyətdə olan və keçmiş rəsmi şəxslər, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlərin iştirakı gözlənilir.