Xəbərlər
Bahar Muradova: Dünyada gedən proseslərlə bağlı vacib görüşün Bakıda keçirilməsi Azərbaycanın önəmindən xəbər verir
Dünyada gedən proseslərlə bağlı vacib bir görüşün keçirilməsi üçün məkan olaraq Bakının seçilməsi Azərbaycanın önəmindən xəbər verir.
Bu sözləri ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə Bakıda keçirilən görüşünü AZƏRTAC-a şərh edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.
Bahar Muradova deyib ki, əgər bu gün Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası arasında münasibətlərin aspektləri baxımından vəziyyətə nəzər salsaq, bu görüşün nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq lazımdır. Bu münasibətlərin perspektivləri, iki ölkə arasındakı əməkdaşlığın gələcək istiqamətləri, o cümlədən dünyadakı mövcud vəziyyəti nəzərə alsaq, bu görüşün Bakıda keçirilməsi başqa xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hər iki tərəf üçün, eyni zamanda, dünyada gedən proseslər baxımından əhəmiyyətli bir görüşün Bakıda keçirilməsi Azərbaycanın önəmindən xəbər verir. Bu, “niyə məhz Bakı” sualını ortaya qoyur. Əvvəla, vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında artıq bir neçə ildir Cənubi Qafqazın İsveçrəsi rolunu oynayır. Bu, Azərbaycanın yürütdüyü müstəqil, beynəlxalq hüququn prinsiplərinə söykənən, qətiyyətli siyasətlə bağlıdır. Biz bütün məsələlərdə, istər regional, istərsə də dünyada gedən beynəlxalq proseslərə münasibətdə birmənalı olaraq beynəlxalq hüququn prinsiplərinə söykənirik. Ən vacib məsələlərin, ən kəskin həddə çatmış problemlərin həlli yolu kimi dialoqu üstün tuturuq və qarşılıqlı faydalı əməkdaşlığa üstünlük veririk. Bu mənada Azərbaycan bu gün dünyanın iki supergüc dövlətinin hər birindən bərabər məsafədə görünür. Yayılan informasiyalarda da Bakının seçilməsi neytral mövqeyə malik olması ilə əlaqələndirilir.
Milli Məclis sədrinin müavini bildirib ki, hər iki dövlət bu qərarı verərkən obyektiv mövqeyi ilə fərqlənən, daim beynəlxalq hüququn prinsiplərinə sədaqət göstərən və başqa ölkələrin siyasi quruluşlarına, adət-ənənələrinə hörmət göstərən bir ölkənin paytaxtını seçməkdə səhv etməyib. Bu, Bakının həm geostrateji, geosiyasi mövqeyi və yuxarıda qeyd edilən parametrlərdən formalaşan imici ilə bağlıdır. Bu görüş hər iki ölkə arasında həlli vacib məsələlərin həlli perspektivlərinə bir işıq salacaq. Bunun da məhz Bakıda baş verməsinin özü çox əhəmiyyətlidir. Bir daha vurğulamaq lazımdır ki, bu, həm də Azərbaycanın hər iki dövlət üçün bərabər məsafədə olan ölkə olduğunu sübut edir. Bunun da əsas səbəbi Prezident İlham Əliyevin yürütdüyü müstəqil, ardıcıl və məqsədyönlü siyasətdir.