YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniyada TAP boru kəməri marşrutu boyunca ərazinin 25 faizdən çoxu təmizlənib

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz kəməri üzrə indiyədək Albaniyada boru kəməri marşrutu boyunca ərazinin 25 faizdən çoxu təmizlənib.

Bu barədə TAP-ın “twitter” səhifəsində məlumat verilir. Bildirilir ki, 2016-cı ilin sonuna bu ölkədə yol infrastrukturunun modernləşdirilməsinin birinci mərhələsi başa çatıb.

Qeyd edək ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 32 faizi icra olunub.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan – 550 kilometr, Albaniya – 215 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 37 düym). 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).