Xəbərlər
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyur
«Dövlət başçısının "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyur. İqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən islahatlar eyni zamanda yeni strateji baxış tələb edirdi ki, məhz Strateji Yol Xəritəsi də buna imkan yaradacaq. Dövlət başçısının imzaladığı Fərman milli iqtisadiyyat perspektivi üzrə və fərqli sektorlara dair Strateji Yol Xəritəsini özündə birləşdirən sənəd olmaqla hər bir aparıcı sahə üzrə strategiyanın müəyyənləşdirilməsinə və onların uzlaşdırılmasına imkan yaradır». Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri postneft dövrünün yeni çağırışlarına uyğun şəkildə hazırlanaraq təsdiqlənib. Strateji yol xəritələrinin əvvəllər qəbul edilən Dövlət proqramlarından fərqləndiyini bildirən V.Bayramovun sözlərinə görə, bəhs olunan xəritələrdə fəaliyyətlər qruplaşdırılaraq onların hər birinin nəticələrini ölçmək üçün konkret indikatorlar müəyyənləşdirilib. Belə indikatorların müəyyənləşdirilməsi bir tərəfdən bu sahədəkı proqramların icrasında səmərəliliyin müəyyənləşdirilməsinə imkan verəcək, digər tərəfdən isə dövlət qurumlarının hesabatlılığını artıracaq.
«Qeyd etmək lazımdır ki, dövlət başçısının tapşırığı ilə strateji yol xəritələrinin hazırlanmasına xarici mütəxəssislər və yerli ekspertlər cəlb edilib ki, bu da sənədlərin qabaqcıl dünya təcrübəsinə və Azərbaycan iqtisadiyyatının real xüsusiyyətlərinə uyğun olaraq hazırlanmasına şərait yaradıb. Birmənalı şəkildə deyə bilərəm ki, sənəddə qeyd olunan hər bir istiqamət üzrə strateji yol xəritələri bütün keyfiyyət indikatorları nəzərə alınmaqla və ciddi şəkildə əsaslandırılmaqla hazırlanıb. Bu sənədlər məhz iqtisadi inkişafa nail olunması, ortaya çıxan çətinliklərin təsirlərinin minimumlaşdırılması ilə bağlı strateji yol formalaşdırır. Bu baxımdan, bəhs olunan sənəd imkan verir ki, Azərbaycanda həyata keçiriləcək iqtisadi islahatları məhz bu Strateji Yol Xəritəsinə uyğun olaraq müddətli şəkildə reallaşdırmaq mümkün olsun. Nəzərə almaq lazımdır ki, islahatların həyata keçirilməsi və bütövlükdə iqtisadi inkişaf ilə bağlı fəaliyyətlər 2020-ci ilədək ayrıca qruplaşdırılır. Bu isə o deməkdir ki, milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışından ibarətdir. Hər bir istiqamət qlobal meyilləri və dəyişiklikləri, iqtisadiyyatin 360 dərəcəli diaqnostikası və mövcud vəziyyətin GZİT təhlili, görüləcək tədbirlər, tələb olunan investisiya və əsas indikatorları əhatə edir. Sənədin əhəmiyyətli tərəflərindən biri də ondan ibarətdir ki, müddətlər üzrə nəzərdə tutulan fəaliyyətlər arasında ardıcıllıq və davamlılıq vardır. 2020-ci ilədək həyata keçirilən islahatlar və fəaliyyətlər növbəti 5 ildə reallaşacaq tədbirlər üçün baza rolunu oynayacaq. Eyni zamanda, post-2025 baxışı daha strateji olmaqla yanaşı, iqtisadi islahatların davamlılığını təmin etmək məqsədi daşımaqdadır»- deyə, ekspert qeyd edib.