Xəbərlər
Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun üzvləri Milli Məclisdə olublar
Azərbaycan hər zaman Avropa qurumları və ölkələri ilə qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq etməyə hazırdır. Bunun üçün ölkəmiz lazımi addımları atır.
Bu fikri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun üzvləri ilə görüşdə bildirib.
S.Seyidov ölkəmizin, o cümlədən Milli Məclisin beynəlxalq əlaqələrindən, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın bərpası üçün bu ilin sentyabrında avropalı parlamentarilərin Bakıya səfərindən, həmin səfər zamanı Avropa Parlamenti ilə Milli Məclis arasında əməkdaşlıqla bağlı imzalanan sənəddən söz açıb. Vurğulayıb ki, Azərbaycan Avropanın tərəfdaşı olmaqla yanaşı, qitənin problemlərinin həllinə kömək göstərməyə qadir ölkədir.
Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun rəhbəri xanım Vinot Karolin ölkəmizə səfərlərindən məmnun qaldıqlarını bildirərək, burada keçirdikləri görüşlərin, apardıqları müzakirələrin səmərəli olduğunu söyləyib. O deyib: “Biz Avropa İttifaqının Azərbaycanla əlaqələrinin inkişafını dəstəkləyirik və əməkdaşlığın gücləndirilməsi üçün səylərimizi əsirgəmirik”.
Görüşdə çıxış edən Milli Məclisin deputatları Avropa İttifaqının Azərbaycanla əməkdaşlığının perspektivlərinə dair fikirlərini bölüşüblər.