Xəbərlər
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Noyabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini Heydər Əliyev Fondunda görməkdən şad olduğunu deyən Fondun prezidenti Mehriban Əliyeva bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirdi. Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisinin fəaliyyətinin böyük hörmətə layiq olduğunu vurğulayan Azərbaycanın birinci xanımı qonağın siyasi fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyətini xüsusi qeyd etdi. Mehriban Əliyeva Baronessa Nikolsonun uşaqlara qayğı, qadınların hüquqlarının müdafiəsi, mədəniyyət və digər sahələrdə gördüyü işləri yüksək qiymətləndirdi. Azərbaycanın birinci xanımı qonağın ölkəmizlə, xüsusilə də Heydər Əliyev Fondu ilə gələcək əməkdaşlığına ümidvar olduğunu bildirdi.
Baronessa Nikolson Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışaraq gələcəkdə Fondla səhiyyə sahəsində bir sıra layihələrin reallaşdırılması təklifini irəli sürdü. Eyni zamanda, Azərbaycan və Böyük Britaniya parlamentlərarası dostluq qrupunun fəaliyyətini yüksək qiymətləndirən Baronessa Nikolson Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanı Lordlar Palatasında görüşlər keçirilməsi məqsədilə Britaniyaya səfərə dəvət etdi.