Xəbərlər
YAP GB-nin sədri: Azərbaycanda gənclər cəmiyyətin həyatında aktiv iştirak edirlər
«Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər». Bu fikri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Onun sözlərinə görə, bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir.
«Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar»- deyə, S.Orucov qeyd edib.