Xəbərlər
ƏƏSMN-nin nümayəndəsi: Bu il 128 025 ailəyə sosial yardımı təyin edilib
Bu ilin 1 iyul tarixinə Azərbaycanda 559 834 ailə üzvü olan 128 025 ailəyə (o cümlədən Naxçıvan MR üzrə 12 076 nəfər ailə üzvü olan 3 014 ailəyə) ünvanlı dövlət sosial yardımı təyin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Ç.Əliyev bildirib ki, həmin ailələrdən 76,5%-i (97 947 ailə) təkrar, 23,5%-i isə (30 078 ailə) ilk dəfə sosial yadım alanlardır: “Hesabat dövründə ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133,06 manat, bir ailə üzvünə düşən orta aylıq məbləği isə 30,43 manat təşkil edib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk yarımilində ünvanlı yardım təyin olunmuş ailələrin sayı 521 ailə (2300 nəfər ailə üzvü) və ya 0,4 faiz azalma deməkdir.
Ç. Əliyev vurğulayıb ki, bu ilin 1 iyul tarixinə respublika əhalisinin 4,2%-nə və ya 358 293 nəfərə aylıq və ya birdəfəlik sosial müavinət təyin olunub. O əlavə edib ki, həmin şəxslərin 266 570 nəfərinin (74,4%) aylıq, 91 723 nəfərinin isə (25,6%) birdəfəlik sosial müavinətlə təmin olunub: “Sosial təminat dövlətin diqqət mərkəzində olub. Onun sözlərinə görə, bu, prezidentin bir sıra fərman və sərəncamları ilə bir daha gücləndirilib”.