Xəbərlər
Hadı Rəcəbli: Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası hədəflənən nəticələrin əldə olunması üçün ayrı-ayrı qurumların koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaq
Xəbər verildiyi kimi, bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında müvafiq Fərman imzalayıb. Fərmanda vurğulandığı kimi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması zərurəti ilə bağlıdır.
Məlumdur ki, müasirləşməni, güclü dövlətə çevrilməyi qarşısına hədəf qoyan Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ölkəmizdə sosial-iqtisadi inkişafın parallel aparılmasıdır. Dövlət tərəfindən respublikanın getdikcə artan iqtisadi imkanlarından istifadə olunmaqla müxtəlif sosial layihələrin həyata keçirilməsinə, o cümlədən də işsizliyin və yoxsulluğun aradan qaldırılmasına güclü siyasi iradə nümayiş etdirilir. Minilliyin Bəyannaməsinə qoşulan Azərbaycanda davamlı inkişaf fonunda əhalinin yüksək rifahının təmin olunması, xüsusilə də yoxsulluğun aradan qaldırılması məqsədilə silsilə tədbirlər həyata keçirilir və indiyədək bir neçə Dövlət Proqramı qəbul olunub. Dövlət başçısının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında müvafiq Fərman imzalaması Azərbaycanın bu sahədə indiyədək həyata keçirdiyi siyasətə, Minilliyin İnkişaf Məqsədlərinə sadiqliyini bir daha təsdiqləyir.
Yeri gəlmişkən, ictimaiyyət nümayəndələri və ekspertlər də Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasının əhəmiyyətini xüsusi vurğulayırlar. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılsının önəmi ilə bağlı fikirlərini ifadə edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yeni qurumu ölkəmizdə indiki şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən iqtisadi, institusional və sosial islahatların tərkib hissəsi kimi səciyyələndirib: “Məlumdur ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı il ölkəmizdə islahatlar ili elan olunub. Yaranan yeni iqtisadi şəraitdə başlanan islahatlar ilk növbədə qeyri-neft sektorunun üstün inkişafına nail olmaqla indiki mərhələdə də Azərbaycanın davamlı sosial-iqtisadi inkişafını təmin etməyə hesablanıb. Yaranan yeni şəraitdə ölkəmizin özünün sosial siyasətə sadiqlik nümayiş etdirməsini xüsusi qeyd etmək istərdim. Hesab edirəm ki, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası hədəflənən nəticələrin əldə olunması üçün ayrı-ayrı qurumların koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaq”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan sosial dövlətdir və yeni yaradılan qurumun mahiyyətində də məhz insan amilinin önə çəkildiyini görmək mümkündür. Komitə sədri ikinci vacib məqam kimi, dövlət quruculuğunun, idarəetmənin təkmilləşdirilməsini və səmərəliliyinin yüksəldilməsini nəzərə çatdırmaq istərdiyini bildirib. H.Rəcəbli sonda vurğulayıb: “Yaradılan Şurada 2030-cu ilədək qarşıda duran hədəflər və onlara çatmaq yolları, müxtəlif qurumların birgə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Əsas istiqamətlərdən biri insanların məşğulluğu məsələsinin diqqətdə saxlanılmasıdır. Fəaliyyət istiqamətlərində ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizmin, özəl bölmənin inkişafı, özünüməşğulluğun təmin olunması kimi məsələlər öz əksini tapacaq. Qeyd olunan sahələrdə uğurların əldə olunması isə sosial sferaya, məşğulluğun və əhalinin qazanc imkanlarının artırılması ilə ölkədə rifah halının yüksəlməsinə müsbət təsir göstərəcək”.