Xəbərlər
Hikmət Hacıyev: Beynəlxalq təsisatlar Ermənistanın beynəlxalq humanitar hüququ pozmasına xüsusi diqqət yetirməlidir
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində əhalimizə qarşı qanlı etnik təmizləmə, o cümlədən Xocalı soyqırımının törədilməsi və Azərbaycan xalqına məxsus maddi-mədəni irsin, dövlət və özəl mülkiyyətin, təbii sərvətlərin talan edilməsi, qəsdən mülki obyektlərə və şəxslərə qarşı sistematik hücumların təşkil edilməsi, əsir və girov götürülmüş mülki və hərbi azərbaycanlı şəxslərin qeyri-insani fiziki və psixoloji işgəncələrə məruz qoyulması və kütləvi şəkildə öldürülməsi halları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Bu fikri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulması hallarına, İnsan Hüquqları Şurasının 33-cü iclasına və Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasına dair şərhində deyib.
H.Hacıyev bildirib ki, bu xüsusda Ermənistan tərəfindən 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, 1954-cü il Hərbi münaqişələr dövründə mədəni mülkiyyətin qorunmasına dair Haaqa Konvensiyası və onun protokolları, Mülki və siyasi hüquqlara dair beynəlxalq pakt, İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt, İşgəncə və digər zorakılıqların, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və yaxud cəzalara qarşı Konvensiya, Bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiya, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulması halları qeyd edilməlidir. Bu cinayət əməllərinin davamı kimi, bu il aprelin 2-dən Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutub. Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 30-dan artıq şəhər və kənd atəşə məruz alıb, uşaqlar da daxil olmaqla Azərbaycanın xeyli sayda mülki əhalisi öldürülüb və yaralanıb.