Xəbərlər
«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Yasamal rayonunda seçicilərlə görüşü keçirilib

«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Yasamal rayonunda təbliğat kampaniyası mütəşəkkilliklə davam edir.
Seçicilərlə növbəti görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təkilatının sədri Tağı Əhmədov bildirdi ki, güclü idarəetmə sisteminə malik, dünya hadisələrinə uyğun siyasət yeridən Azərbaycanda həyata keçirilən demokratik islahatlar daim təkmilləşdirilir, beynəlxalq standartlara uyğunlaşdırılır: “Konstitusiyamıza edilən 23 dəyişiklik və 6 əlavənin tətbiqində başlıca məqsəd mütərəqqi təməl əsasında inkişaf edən Azərbaycanı daha qüdrətli dövlətlər sırasında görməkdir. Bu baxımdan Konstitusiyamızda edilən dəyişikliklərin hər biri vətəndaşlarımızı yeniliyə, müasirliyə, qüdrətli Azərbaycan naminə birlik və bərabərliyə çağırır.”
«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse- prezidenti İsa Həbibbəyli Ali Qanunumuza olunan dəyişiklikləri hüquqi və sosial xarakterli adlandırmaqla bildirdi ki, gələcəyimizin etibarlı təminatı məhz dəstəkləyəcəyimiz yeniliklərin tətbiqi ilə bilavvasitə bağlıdır: “Konstitusiyada dəyişikliyə o zaman zərurət yaranır ki, qanunlar inkişaf edən ölkənin bu günki surəti ilə ayaqlaşmır. Yəni qanunlar zamanın tələbinə görə tənzimlənməli, tarazlanmalıdır. Müstəqillik əldə etdiyimiz 25 ildə Azərbaycanın ictimai-siyasi həyatında, iqtisadiyyatında, aqrar sahədə, sənayedə böyük dəyişikliklər baş verib. Ölkənin ictimai- siyasi həyatına yeniliklər bəxş edən prezident, parlament, bələdiyyə seçkiləri keçirilib. Yəni qüdrətlənən Azərbaycanın sabahına məhz bu gün əldə olunan nailiyyətlərin daha böyük miqyasda tətbiqi ilə nail olmaq mümkündür.
Buna görə də müasir dövrümüzdə yaranan tələbatın ödənilməsi baxımından Ali Qanunnumuzda dəyişikliklərə ciddi ehtiyac vardır və ümumxalq səsverməsi zəruridir.”
BDU-nun professor Rasim Nəbiyev çıxış edərək bildirdi ki, Konstitusiyamıza olunan hər bir dəyişiklik iqtisadi qüdrəti ilə seçilən daha qüdrətli Azərbaycanın gələcəyinin daha möhtəşəm olması naminə nəzərdə tutulur.