Xəbərlər
Vüqar Bayramov: Konstitusiya dəyişiklikləri iqtisadiyyatın diversifikasiyası ilə bağlı daha geniş miqyaslı islahatların aparılmasına baza yaradacaq
«Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliklər eyni zamanda ölkəmizdə aparılan iqtisadi islahatların miqyasının genişlənməsinə, idarəetmə sistemin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına imkan yaradacaq. Bu dəyişikliklər post-neft dövründə iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən islahatların sürətləndirilməsinə geniş baza formalaşdıracaq». Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, Konstitusiya Aktı layihəsinə əlavə edilmiş 4 yeni maddə (103, 106,108,110) idarəetmə sisteminin institutsionaı təkmilləşməsi, onların səlahiyyətlərinin optimallaşdırılması və dəqiqləşdirilməsinə imkan yaratmaqla iqtisadi islahatların daha yaxşı koordinasiyası və miqyasının genişləndirilməsinə imkan yaradacaqdlr. Həmin dəyişikliklərə əsasən, bir sira inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanın siyasi idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulub. İstər birinci vitse-prezident, istərsə də vitse- prezidentlər institutlarının yaradılması islahatların idarəedilməsinə və qərarların optimallaşdırılmasına imkan yaradacaq. Bir sıra inkişaf etmiş ölkələrdə vitse-prezident institutunun uğurla fəaliyyət göstərdiyini nəzər alsaq bu praktika Azərbaycan üçün də əlverişli olacağını söyləmək mümkündür.
«Belə ki, bu islahatların aparılmasına daha modern və fərqli yanaşmasının reallaşması deməkdir. Eyni zamanda, yeniləşən idarəetmə sistemi iqtisadi proqramların icrasında cevikliyi də artıra biləcək. Nəticədə yeni dəyişikliklər Nazirlər Kabinetinin fəaliyyətinin islahatların daha dərindən dəstəklənməsi istiqamətində qurulması demək olacaq. Bu iqtisadi islahatların genişləndirilməsi üçün koordinasiya edilmiş və eləcə də modernləşmiş yeni idarəetmə aparatının formalaşması deməkdir. Belə ki, idarəetmə sistemində həyata keçiriləcək dəyişikliklər iqtisadiyyatın şaxələnməsinə hədəflənən islahatlar üçün institutsional baza formalaşdıracaq. Bütövlükdə, Azərbaycan Respublikasının Konstitusiyasında ediləcək dəyişikliklər iqtisadiyyatın diversifikasiyası ilə bağlı daha geniş miqyaslı islahatların aparılmasına zəmin və baza yaradacaq»- deyə, V.Bayramov qeyd edib.