YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu seçiçilərlə görüş keçirdi

Sentyabrın 14-də Sabirabadda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçiçilərlə görüş keçirdi.

YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev görüşdə çıxış edərək bildirdi ki, Konstitusiyaya təklif olunan dəyişikliklər və əlavələrlə bağlı Referendum Aktı layihəsini imzalaması möhtərəm  Prezidentimizin ölkə vətəndaşına verdiyi yüksək qiymətin təzahürüdür. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu dəyişikliklərə və əlavələrə yekdilliklə səs verəcəkdir.

Görüşdə  «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək Konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışdı. Bildirdi ki, bu dəyişikliklər  bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: «Hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi - referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək.»

Səlahiyyətli nümayəndə xüsusi vurğuladı ki, gələcəkdə Azərbaycanda daha optimal idarəetmənin, xüsusən insan hüquq və azadlıqlarının daha effektiv təminatının şahidi olacağıq. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Bu kontekstdə Nazirlər Kabineti ilə bərabər, vitse-prezidentlik institutu da olacaq. Onlar bir-birinin təkrarı deyil. Hər bir qurumun özünün xarakterik xüsusiyyətləri var. Bu baxımdan, vətəndaşlar məsələni daha çox yeni və daha effektiv institusional qurumun yaradılması kimi başa düşməlidirlər.

Bəhruz Quliyev qeyd etdi ki əminliklə deyə bilərəm ki, ölkə vətəndaşları bu Konstitusiya islahatlarının müsbət nəticələrini öz şəxsi həyatlarında qısa müddətdə hiss edəcəklər. Ona görə də sizlərə üz tutaraq deyirəm: «Həmrəy olaq, Konstitusiya dəyişikliklərinə «hə» deyək.»

Görüşdə, həmçinin Milli Məclisin deputatı Rüstəm Xəlilov çıxış edərək bildirdi ki, təklif olunan 23 dəyişikliyin 16-sı, yəni, dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Hesab edirəm ki, təkcə bu fakt özlüyündə Konstitusiyaya bəzi dəyişikliklərlə əlaqədar irəli sürülmüş təşəbbüsün mahiyyətini və mənasını dəqiq ifadə edir.

Onun sözlərinə görə, Konstitusiyamızda insan hüquq və azadlıqları geniş təsbit edilib. Lakin həyatımızda baş verən pozitiv dəyişikliklər, vətəndaşların iqtisadi, sosial və siyasi proseslərdə daha geniş mənada  iştirakını zəruri edir.  Ona görə də Konstitusiyaya təklif edilən  dəyişikliklər birmənalı olaraq insan hüquq və azadlıqlarının miqyasını artırmağa xidmət edir.

Tədbirdə çıxış edən seçicilər Rüfət Ələkbərli, Gülbəniz Cəfərova və başqaları Konstitusiyaya ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və ona səs verəcəklərini ifadə etdilər