Xəbərlər
Eldar İbrahimov: Dəyişikliklər respublikamızın demokratiya və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsinə xidmət edəcək

«Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Bu istiqamətdə ölkəmizdə qanunvericilik bazası daim təkmilləşir və respublikamızın sosial-iqtisadi inkişaf səviyyəsinə və beynəlxalq aləmdə tutduğu siyasi mövqeyə uyğun hüquqi tənzimləmə mexanizminin dəyişməsinə ehtiyac yaranır. Təklif edilən Referendum Aktı da bu ehtiyacı ödəmək üçündür». Bu fikirləri yap.org.az saytına «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, Referendum Aktında təklif olunan bütün dəyişikliklər ölkəmizdə insan hüquqları və azadlıqlarının daha mükəmməl qorunmasına, respublikamızın demokratiya və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsinə, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Biz hamımız bu Referendum Aktının qəbul edilməsi üçün partiyamızın qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsinə öz layiqli töhfəmizi verməyə çalışırıq.
«Təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçiririk. Görüşlər zamanı əhali ilə Konstitusiya islahatlarının əhəmiyyəti haqqında fikirlərimizi bölüşür, seçiciləri sentyabrın 26-da seçki məntəqələrinə gedib Referendum Aktını dəstəkləməyə çağırırıq. Sevindirici haldır ki, ölkə vətəndaşları konstitusiya islahatlarını dəstəklədiklərini vurğulayırlar. İnsanlar Prezident İlham Əliyev tərəfindən irəli sürülən bütün təşəbbüsləri müdafiə etdiklərini qeyd edirlər. Bu mənada, sentyabrın 26-da Referendum Aktının xalqımız tərəfindən qəbul olunacağını əminliklə söyləyə bilərik»- deyə, E.İbrahimov vurğulayıb.