Xəbərlər
Azərbaycan bu il “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayıracaq
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 45,5 faizini icra edib.
Bu barədə “naturalgaseurope.com”a müsahibəsində “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev məlumat verib. O bildirib ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinə investisiya qoyuluşuna tam sadiqdir və maliyyə öhdəliklərini vaxtında yerinə yetirməyə davam edir. Azərbaycan tərəfindən “Cənub Qaz Dəhlizi” layihəsinə daxil olan layihələrin maliyyələşdirilməsinə indiyədək 5 milyard 212 milyon dollarlıq vəsait qoyulub. “Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələrində Azərbaycanın payının maliyyələşdirilməsi 11 milyard 454 milyon dollar həcmində qiymətləndirilir. Bu o deməkdir ki, Azərbaycan layihə üzrə maliyyə öhdəliklərinin 45,5 faizini yerinə yetirib.
“Həmin vəsaitin 2,5 milyard dolları Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), 1,7 milyard dolları Maliyyə Nazirliyi və SOCAR, 1 milyard dolları isə mart ayında yerləşdirilən avrobondlar vasitəsilə həyata keçirilib. Bu il Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayıracağı planlaşdırılır”, - deyə Ə.İsayev əlavə edib.
Qeyd edib ki, bu həcmin 55,7 faizi yaxud da 1,566 milyard dolları TANAP-a, 30,2 faizi və ya 847 milyon dolları “Şahdəniz Mərhələ 2” layihəsinə xərclənəcək. Bu il TAP layihəsinə 278 milyon dollar, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihəsinə isə 118 milyon dolların ayrılması nəzərdə tutulur.
“Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üçün Dünya Bankından kreditin cəlb edilməsi üçün danışıqlar aparır. Bu layihə cəlbedicidir və maliyyə qurumları Azərbaycanın enerji layihələri ilə maraqlanır. Beynəlxalq maliyyə qurumlarından dəqiq hansı həcmdə vəsait cəlb olunacağını söyləmək çətindir. Çünki Azərbaycan və maliyyə qurumları kredit şərtləri ilə bağlı ümumi nəticəyə gəlməlidirlər. Kredit şərtləri yüngül və ödəmə müddəti ən azı 10 il olmalıdır. Çünki bu layihələrdən təkcə Azərbaycan deyil, böyük bir region iqtisadi mənfəət əldə edəcək”, - deyə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru vurğulayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə olunmasını təmin etmək məqsədilə nizamnamə kapitalı 100 milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” QSC təsis edilib. Sərəncama əsasən QSC-nin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi isə İqtisadiyyat Nazirliyinə tapşırılıb.
Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin dəyəri təxminən 40 milyard dollar həcmində qiymətləndirilir. Bu vəsaitin 9,2 milyard dolları TANAP-a, 5 milyard dolları TAP-a, 23,8 milyard dolları “Şahdəniz-2”yə və 4,9 milyard dolları isə “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihəsinə sərf ediləcək.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu zəncirin halqalarını isə - “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, TANAP və TAP qaz boru kəmərləri layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
“Cənub Qaz Dəhlizi” layihəsinin icrası müddətində ümumilikdə 30 minədək yeni iş yeri yaradılacaq. Həmin iş yerlərinin 10 mini məhz Azərbaycanda açılacaq. Layihənin icrası Azərbaycanın karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə etməsinə imkan verəcək.