YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Müasir Azərbaycanın varlığı üçün biz ilk növbədə Ümummilli liderimiz Heydər Əliyevə borcluyuq

«Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan Əsas Qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə ədaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünya dövlətləri üçün açıq ölkəyə çevrilib». Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, çağdaş Azərbaycan bu gün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan uğura qovuşur. Tarixin ən qanlı burulğanı içərisində çabaladığımız günlər arxada qalıb. Azərbaycan dövlətçiliyi məkrli düşmənlərin caynağından həmişəlik xilas edilib. Onun sözlərinə görə, 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi: «Müdrik siyasətçi bir neçə gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi məhv etmək planları puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddaratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı. Ulu öndər Heydər Əliyevin qədirbilən xalqımız, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı».

Millət vəkili qeyd edib ki, xalqımız özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Onun fikrincə, bütün bunlar üçün, yəni müasir Azərbaycanın varlığı üçün  biz ilk növbədə Ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.

 «Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Az vaxt içərisində əldə edilən böyük nailiyyətlər Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olub. Bu siyasətin gerçəkliyə çevrilməsində Heydər Əliyev yolunun layiqli davamçısı, Ulu öndərin siyasi varisi Prezident İlham Əliyevlə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır. Fikrimcə, Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, onun Prezidenti bugünkü sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlaya bilir, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə etməyi bacarır, yurdumuzu gözlənilməz və gözlənilən  risklərdən uğurla qoruyur. Ölkə başçısı müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlaya bilir, öz Vətənini həyatın bütün sahələrində qələbədən qələbə qovuşdurur. Beləliklə də, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir»- deyə, Y.Mahmudov vurğulayıb.