Gündəm
Prezident İlham Əliyev: Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir
Prezident İlham Əliyev mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbulda nitqində qeyd etmişdir ki, Azərbaycan sürətli inkişaf yolundadır. Bu inkişafı biz öz hesabımıza qazanmışıq. Nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, ancaq Azərbaycan xalqının zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə etmişik. Bizə heç kim kömək etməmişdir, etmir və etməyəcəkdir. Buna ehtiyac da yoxdur. Ancaq biz öz işimizi elə qurmuşuq ki, bütün sahələr üzrə konkret proqramlarımız var və onlar icra edilir.
“Qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə həm siyasi, həm diplomatik və digər amillərdən istifadə edərək öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk. Haqq-ədalət bizim mövqeyimizi dəstəkləyir, müdafiə edir. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir.”- deyə, Prezident İlham Əliyev bildirmişdir.