YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Azərbaycanı indi bütün dünya ictimaiyyəti tanıyır və bizim fəaliyyətimizə böyük rəğbətlə yanaşır

Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmlənmişdir. Azərbaycanı indi bütün dünya ictimaiyyəti tanıyır və bizim fəaliyyətimizə böyük rəğbətlə yanaşır.

Bu fikirləri Prezident İlham Əliyev mayın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Dövlətimizin başçısı deyib: “Azərbaycanda keçirilən qlobal beynəlxalq tədbirlər həm imkanlarımızı, gücümüzü göstərir, eyni zamanda, bizə olan hörməti daha da artırır. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox böyük uğurla keçirilmişdir. Keçən il Avropa Oyunları böyük uğurla keçirilmişdir, gələn il İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu və digər mötəbər tədbirlər dünyanın diqqətini cəlb edir. Bu, bizim dövlətimizi gücləndirir”.

“Əfsuslar olsun ki, Ermənistan, onun xaricdəki havadarları və erməni lobbisinin nümayəndələri uzun illərdir bizə qarşı çirkin kampaniya aparırlar. Onlar böhtan, şər, qarayaxma kampaniyası aparırlar ki, bizi ləkələsinlər”, - deyən dövlətimizin başçısı əlavə edib ki, onların geniş maliyyə imkanları var. Bir çox hallarda onlar başqa müəlliflərin arxasında gizlənərək müxtəlif mətbu orqanlarda Azərbaycana qarşı qərəzli və təhqiredici yazılar da dərc edirlər, daim anti-Azərbaycan kampaniyası aparırlar. Onların bir nömrəli hədəfi Azərbaycandır. Belə olan halda, əlbəttə ki, biz öz həqiqətlərimizi, real vəziyyəti dünyaya çatdırmalıyıq. Əlbəttə, bu istiqamətdə bir çox işlər görülür. Ancaq Bakıda, Azərbaycanın digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə ki, xüsusi əhəmiyyət daşıyır. Çünki buraya gələn qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə görürlər. Görürlər ki, bu, müasir, inkişafda olan ölkədir. Görürlər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Görürlər ki, Azərbaycanda insanlar rahat, demokratiya şəraitində yaşayırlar. Azərbaycanda insan haqları qorunur, bütün azadlıqlar mövcuddur.