YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmre Laslotski: “Cənub Qaz Dəhlizi” layihəsi nəhəng funksiyaya məhz Azərbaycan sayəsində malik olub

“Cənub Qaz Dəhlizi” nəhəng funksiyaya malikdir ki, buna da həmin layihənin təşəbbüskarlığını öz üzərinə götürən Azərbaycan sayəsində nail olunub.

Bu sözləri Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski “Caspian Energy İnternational Media Group”un və “Caspian Energy”nin nümayəndələri ilə görüşdə deyib. Görüş zamanı “Caspian European Club” və “Caspian Energy International Media Group” çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərə və informasiya səviyyəsində əlaqələri genişləndirmək imkanlarına toxunulub.

Səfirin sözlərinə görə, enerji təhlükəsizliyi Macarıstan üçün bir nömrəli problemdir. “Biz enerji daşıyıcılarımızın 53 faizini idxal edirik. O cümlədən, sərf olunan qazın 80 faizi Rusiyadan daxil olunur”, - deyə İ.Laslotski qeyd edib. Onun fikrincə, bununla əlaqədar, Macarıstan tədarük mənbələrini şaxələndirməyə çalışır və cənub istiqamətindən də qazın əldə olunmasına maraq göstərir.

“Ümidvarıq ki, biz cənub istiqamətindən də interkonnektor vasitəsilə qaz əldə edəcəyik. Bir çox ölkələr ümidini bu qaza bağlayıb, lakin “Cənub Qaz Dəhlizi”nin əsl mahiyyəti gələcəkdə ona İran və Mərkəzi Asiya ölkələrindən də qazın qoşulmasının mümkünlüyündən ibarətdir. “Cənub Qaz Dəhlizi” nəhəng funksiyaya malikdir ki, buna da həmin layihənin təşəbbüskarlığını öz üzərinə götürən Azərbaycan sayəsində nail olunub. Bu addımı təkcə Macarıstan deyil, öz tədarük mənbələrini şaxələndirməkdə maraqlı olan bütün Avropa dövlətləri yüksək qiymətləndirir”, - deyə İ.Laslotski vurğulayıb.

İkitərəfli əlaqələrdən bəhs edən səfir qeyd edib ki, Azərbaycan və Macarıstanın iqtisadiyyatı “tranzit mərhələsi”ni, yəni bazar iqtisadiyyatına keçid dövrünü yaşayır. Onun sözlərinə görə, bu iki ölkə qarşısında yaranan problemlər də eynidir. Bu baxımdan, Macarıstan və Azərbaycan bir-birləri üçün faydalı ola bilər.

Səfir Azərbaycanda investisiya mühitini müsbət qiymətləndirib. “İki ölkə prezidentləri arasında böyük etimad yaranıb. 2013-cü ildən etibarən iki dövlət arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başlayıb. 2014-cü ildə Prezident İlham Əliyevin Budapeştə səfəri zamanı strateji tərəfdaşlıq barədə saziş imzalanıb. Macarıstanın Baş naziri Viktor Orbanın bu yaxınlarda baş tutan səfəri zamanı isə tərəflər hər il mütəmadi olaraq görüşmək və fikir mübadiləsi aparmaq barədə razılıq əldə edib”, - deyə İ.Laslotski bildirib.

“Əməkdaşlığı hansı istiqamətlər üzrə genişləndirəcəyimizi müəyyənləşdirmək mühüm məqamlardandır. Mənim arzum informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün ortaq investisiya fondunun yaradılmasıdır. Macarıstanın bu sahədə irəli sürə biləcəyi maraqlı təklifləri var. Sözügedən bazarın Hindistan, Rusiya, ABŞ, Kanada, Fransa və s. kimi nəhəng iştirakçıları ilə yanaşı, biz də öz xidmətlərimizi həmin səviyyədə, lakin daha sərfəli qiymətlərlə təklif edə bilərik. Bu yaxınlarda Macarıstanın hökumət başçısının Bakıya səfəri zamanı həmin istiqamətdə ilk addımlar atıldı”, - deyə səfir qeyd edib.

Bundan əlavə, Macarıstan ortaq layihələrin maliyyələşdirilməsi məqsədilə “EximBank” vasitəsilə 200 milyon ABŞ dollarından yuxarı məbləğdə kredit xətti açıb. “Biz ortaq müəssisələrin yaradılmasını məqsədəuyğun və faydalı hesab edir, Azərbaycan şirkətləri ilə birgə işləməyin daha etibarlı olduğunu düşünürük”, - deyə İ.Laslotski söyləyib.