Xəbərlər
Böyük Britaniya Parlamentində Xocalı soyqırımı ilə bağlı iki qanunvericilik təşəbbüsü irəli sürülüb
Böyük Britaniya Parlamentində Xocalı soyqırımı ilə bağlı “early day motion” adlı qanunvericilik təşəbbüsləri irəli sürülüb.
Trend Böyük Britaniya Parlamentinin saytına istinadən xəbər verir ki, aparılmış diplomatik fəaliyyətin nəticəsində Xocalı Soyqırımına Böyük Britaniyanın ictmai-siyasi dairələrinin diqqətinin yönəldilməsi məqsədilə Böyük Britaniya Parlamentində ayrı-ayrılıqda “early day motion” (EDM) adlı iki qanunvericilik təşəbbüsü irəli sürülüb.
Nəzərə almaq lazımdır ki, Böyük Britaniya Parlamenti dünya miqyasında özünəməxsus siyasi çəkiyə malikdir və Xocalı soyqırmının qanunverilik təşəbbüsü formasında Britaniya parlamentinin gündəminə gəlməsi Xocalı soyqırmının tanıdılması istiqamətində mühüm diplomatik qələbədir.
Parlamentin Azərbaycan Qrupunun (All Party Parliamentary Group on Azerbaijan) sədri Bob Blekmen tərəfndən irəli sürülmüş təşəbbüsdə (mətn əlavə olunur) deyilir:
Bu Palata 26 fevral 1992-ci il tarixində Ermənistan hərbi qüvvələri tərəfindən Xocalı şəhərinə olan hücumun 24-cü ildönümünü qeyd edən Azərbaycan xalqının kədərinə şərik olduğunu bildirir, Böyük Britaniya hökumətini Ermənistan və Azərbaycan arasındakı münaqişənin beynəlxalq təşkilatların qətnamələri, xüsusilə də BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri əsasında sülh yolu ilə həlli istiqamətində daha fəal rol oynamağa çağırır.
Həmçinin, Şotlandiya Millətçi Partiyasının (Scottish National Party) parlamentdə təmsil olunan üzvü Petrik Qreydi tərəfindən Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar ayrıca qanunvericilik təşəbbüsü (mətn əlavə olunur) irəli sürülmüşdür. Təşəbbüsə SNP-nin üzvləri başda olmaqla digər parlament üzvləri qoşulmuşlar. Qanunvericilik təşəbbüsündə deyilir:
Bu Palata 26 fevral 2016-cı il tarixinin işğalçı Ermənistan qoşunları tərəfindən Azərbaycanın Xocalı şəhərinə qarşı hücumun 24-cü ildönümü olduğunu bildirir, hücum zamanı öldürülmüş 613 kişi, qadın və uşağın ailələrinin kədərinə şərik olduğunu qeyd edir, Ermənistan qoşunlarının Azərbaycan ərazilərini işğalına son qoymağa çağıran BMT TŞ-nin qətnamələrinin yerinə yetirilmədiyinə diqqət çəkir, son zamanlar Azərbaycan və Ermənistan arasında gərginliyin artmasından narahatlığını bildirir, Böyük Britaniya hökumətinə müraciət edərək bu faciənin ildönümündən istifadə etməklə münaqişənin sülh yolu ilə davamlı həllinin tapılması istiqamətində beynəlxalq səyləri artırmağa çağırır.
Bizim bir çoxumuz Azərbaycanda olmuş və qaçqın düşərgələrində məskunlaşmış məcburi köçkünlərin məşəqqətli həyatının şahidi olmuşuq. Xocalıda baş verənlər heç şübhəsiz ki, 20-ci əsrin ən faciəvi səhifələrindən birini təşkil edir. Bu faciəni törədənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verməlidir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllinin tapılmaması Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması qarşısında əsas əngəldir. Sizin ölkənizin Qərbdə mühüm strateji və iqtisadi tərəfdaşı kimi Böyük Britaniya, münaqişənin sülh yolu ilə həllində və Cənubi Qafqazın sabitlik və rifah regionuna çevrilməsində maraqlıdır.