Xəbərlər
İƏT Parlament İttifaqı konfransının sessiyasında Azərbaycanla bağlı mühüm qətnamələr qəbul edilib
Yanvarın 20-25-də İraqın paytaxtı Bağdad şəhərində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) konfransının 11-ci sessiyası keçirilib.
Milli Məclisin deputatı Gövhər Baxşəliyevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti konfransda iştirak edib. Nümayəndə heyətinə deputatlardan Mirkazım Kazımov da daxil idi.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva müsahibəsində sessiyada müzakirə olunan məsələlər, ölkəmizlə bağlı qəbul edilən qətnamələr barədə məlumat verib. Bildirib ki, İraq parlamentinin spikeri Salim əl-Ciburinin sədrlik etdiyi sessiya çərçivəsində təşkilati məsələlərə baxılıb, büro üzvləri seçilib, İƏTPİ Konfransının 10-cu sessiyasının proqramı və gündəliyi qəbul edilib. Həmçinin baş katibin məruzəsi, parlament sədrlərinin, nümayəndə heyətləri rəhbərlərinin çıxışları dinlənilib. Bundan başqa, terrorizmə və ekstremizmə qarşı mübarizəyə dair İƏTPİ Xartiyası, ümumi komitənin 18-ci sessiyasının hesabatı qəbul olunub, ümumi komitənin, İcraiyyə Komitəsinin və digər komitələrin iclasları keçirilib.
Sessiya çərçivəsində müsəlman qadın parlamentarilərinin beşinci konfransı, Fələstinə dair daimi komitənin altıncı iclası da təşkil edilib.
Gövhər Baxşəliyeva İcraiyyə Komitəsinin, insan hüquqları, qadın və ailə məsələləri üzrə komitənin, Mirkazım Kazımov siyasi məsələlər və xarici əlaqələr komitəsinin, nümayəndə heyətinin digər üzvü Fəttah Heydərov mədəni və hüquqi məsələlər və sivilizasiyalar və dinlər arasında dialoq üzrə komitənin üzvləri seçiliblər. Təşkilatın ümumi komitəsinə hər üzv ölkənin parlamentindən iki deputat daxil edilir. Azərbaycanı bu komitədə Gövhər Baxşəliyeva və Mirkazım Kazımov təmsil edirlər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, eyni zamanda, 12-ci sessiyada müsəlman qadın parlamentarilərinin altıncı konfransına məruzəçi təyin edilib. O, sessiyada çıxış edib, tədbir çərçivəsində bir sıra ölkələrin parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirib.
Gövhər Baxşəliyeva qeyd edib ki, Azərbaycan parlamentinin rəhbərliyi və nümayəndə heyətinin mütəşəkkil fəaliyyəti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏTGF) Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın səyləri nəticəsində sessiyada ölkəmizlə bağlı iki mühüm qətnamə qəbul edilib.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair” qətnamədə Ermənistanın Azərbaycana ölkəmizin ərazisinin 20 faizindən artıq hissəsinin işğalı ilə nəticələnən təcavüzündən, yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyəti, bu humanitar problemlərin miqyası və ciddilik dərəcəsindən dərin narahatlıq ifadə edilir.
Qətnamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal olunmuş ərazilərdə arxeoloji, mədəni və dini abidələrin dağıdılması qəti şəkildə pislənilir, Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş əməllər insanlıq əleyhinə cinayət kimi dəyərləndirilir. Həmçinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən icrası, onun Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi tələb olunur. Üzv dövlətlər, həmçinin beynəlxalq ictimaiyyətin digər üzvləri erməni təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq məqsədilə tələb olunan siyasi, iqtisadi vasitələrdən istifadə etməyə, bununla əlaqədar Ermənistan ərazisində iqtisadi fəaliyyətdən, iqtisadi, sənaye, maliyyə və digər sahələrə investisiya qoyuluşundan çəkinməyə və bu ölkə ilə ümumi əməkdaşlığı məhdudlaşdırmağa çağırılır. Fait accompli – baş vermiş faktın münaqişənin həlli üçün əsas ola bilməyəcəyini və nə Azərbaycanın işğal olunmuş əraziləri çərçivəsində cari vəziyyətin, nə də səsvermə prosesinin təşkili daxil olmaqla status-kvonun möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin hüquqi qüvvəyə malik olmadığı vurğulanır.
Sənəddə erməni millətindən olan əhalinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin qarşısının alınması da tələb edilir, bu köçürmələr beynəlxalq humanitar hüququn pozulması kimi qəbul olunur. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan ilə tam həmrəy olduğunu, Azərbaycan hökuməti və xalqının ölkəni müdafiə etmək məqsədilə həyata keçirdiyi səyləri dəstəklədiyini bildirir, azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, şərəf və ləyaqətlə qayıtmalarına imkan yaradılmasına çağırır.
Nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanla bağlı qəbul edilən digər qətnamə “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq” adlanır. Qətnamədə İƏTGF və İƏTPİ arasında imzalanmış anlaşma memorandumu da daxil olmaqla, ümumi maraq kəsb edən bütün sahələrdə hər iki təsisatın əməkdaşlığı alqışlanır. 2008-ci il mayın 16-17-də İstanbulda İƏTGF-nin ISESCO ilə tərəfdaşlıq əsasında təşkil etdiyi yüksək səviyyəli ekspertlərin İƏT hökumətlərarası görüşünün nəticəsi olaraq başlanmış və XX əsrdə müsəlman icmalarına qarşı törədilmiş faciələrin anılması məqsədini qarşıya qoyan İƏT Anım Günü təşəbbüsü, eləcə də müsəlman gənclərini həqiqi həmrəylik ruhunda tərbiyə etmək, İslam dünyasına qarşı yönəlmiş hədələr və çağırışlar barədə məlumatlılığı artırmaq üçün nəzərdə tutulmuş təşəbbüs çərçivəsində mədəni proqramlar və birgə fəaliyyətlər dəstəklənir. Qətnamənin müvafiq bəndində İƏT Anım Günü təşəbbüsü çərçivəsində İƏTGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası təqdir edilir. Sənəddə Xocalı şəhərində azərbaycanlı sakinlərin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə qırğına məruz qaldığı vurğulanır və pislənilir.
Sessiyada yekun hesabat, Bağdad Bəyannaməsi və yekun kommunike qəbul olunub.
Bağdad Bəyannaməsinə Azərbaycan nümayəndə heyəti rəhbərinin təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bəndlər daxil edilib. Bəyannamədə Ermənistanın Azərbaycana təcavüzü qəti şəkildə pislənilir, işğal olunmuş ərazilərdə mülki azərbaycanlılara qarşı törədilmiş hərəkətlər bəşəriyyətə qarşı cinayət hesab edilir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələrinin, BMT Baş Məclisinin müvafiq qərarlarının yerinə yetirilməsi, Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi tələb olunur. Həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində arxeoloji, mədəni və dini abidələrin dağıdılması qəti şəkildə pislənilir.
Yekun kommunikedə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi tələb olunur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş, 613 dinc sakinin qətlə yetirilməsi ilə nəticələnən dəhşətli soyqırımı, işğal edilmiş Azərbaycan ərazilərində müqəddəs yerlərin və məscidlərin, mədəni irsin dağıdılması pislənilir. Bu sənəddə də İƏT-in Azərbaycan ilə tam həmrəy olduğu, Azərbaycan hökuməti və xalqının ölkəni müdafiə etmək məqsədilə həyata keçirdiyi səyləri dəstəklədiyi bildirilir, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmalarına imkan yaradılmasına çağırış səsləndirilir.