YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirmi beşinci cildi çapdan çıxıb

“Beləliklə, mən hesab edirəm ki, biz növbəti mərhələdə əsas diqqətimizi makroiqtisadi sabitliyin qorunmasına, saxlanılmasına və antiinflyasiya tədbirlərinin güclənməsinə yönəltməliyik. Ancaq bununla bərabər, biz büdcə xərclərini saxlaya bilmərik. Azərbaycanın hələ ki, böyük ehtiyacları var. Biz böyük, nəhəng infrastruktur layihələrini həyata keçirməliyik, insanların həyat səviyyəsini yaxşılaşdırmalıyıq. Maaşlar artmalıdır, pensiyalar artmalıdır... Yəni, bütün bu sosialyönümlü məsələlərdə biz geri çəkilməyəcəyik. Əksinə, növbəti illərdə maaşlar da qaldırılacaq, minimum əməkhaqqı, minimum pensiya, dövlətdən maliyyələşən bütün kateqoriyalı insanların əməkhaqları qaldırılacaqdır. Yəni biz buna hazır olmalıyıq. Bizim iqtisadiyyatımız, bütün qurumlarımız, iqtisadi qurumlarımız buna hazır olmalıdır ki, öz növbəsində, bu artımlar qiymətlərin qalxmasına gətirib çıxara bilər.

Mən bir məsələni də qeyd etmək istəyirəm. Biz bütün bu işləri görürük, insanların həyat səviyyəsi yaxşılaşır, ancaq bununla bərabər, qiymətlər bəzi hallarda süni şəkildə artırılır. Yəni möhtəkirlər, qeyri-sağlam rəqabət aparan qurumlar, firmalar, şirkətlər bundan istifadə edirlər. Biz buna da çox ciddi sədd qoymalıyıq. Mən aidiyyəti nazirlərə müvafiq göstərişlər verdim. İstehlak bazarına nəzarət edən qurumlar bununla çox ciddi məşğul olmalıdır. Heç bir qanun pozuntusuna yol verilməməlidir, əksinə, qanunu pozan, bizim iqtisadi uğurlardan, ümumi rifah halının yüksəlməsindən istifadə edərək, əlavə vəsait qazanmaq istəyənlər çox ciddi şəkildə cəzalandırılmalıdır”.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 25-ci cildində yer alan bu fikirlər dövlətimizin başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən götürülüb.

Yenicə çapdan çıxmış çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin iyunundan avqustunadək olan dövrü əhatə edir.

Bu cild Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sankt-Peterburqa səfərinə dair materiallarla başlayır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM ölkələri dövlət başçılarının ikinci zirvə görüşündə nitqi, regional əməkdaşlığın daha da genişləndirilməsinə, enerji təhlükəsizliyinə, nəqliyyat sahəsində əməkdaşlığa, regionların sosial-iqtisadi inkişafına, eyni zamanda, iqtisadi-siyasi həyatın digər sahələrinə dair çıxışları, nitq və tövsiyələri və digər materiallar yer alıb.

Kitabda Prezident İlham Əliyevin Türkiyə, Rusiya, İordaniya və Qazaxıstana səfərləri zamanı bu ölkələr ilə qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsindən bəhs edən bəyanat və müsahibələri, həmçinin bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərinə, danışıqlarına aid materiallar, habelə məktubları dərc edilib.

Cilddə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfərləri zamanı keçirdiyi görüşlərdən, apardığı danışıqlardan bəhs edən materiallar, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr və bir çox digər məsələlər də öz əksini tapıb. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələrlə bağlı materiallar da bu cilddə yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.