YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın coğrafiyası genişlənir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirildi. Zirvə Görüşü Azərbaycanın beynəlxalq platformalarda fəal rolunun, çoxtərəfli diplomatiyaya verdiyi töhfənin və Asiya dövlətləri arasında dialoqun inkişafına yönəlmiş təşəbbüslərinin təqdimatı baxımından xüsusi diqqətdə oldu. Cənab İlham Əliyev çıxışında bildirdi ki, ilk növbədə, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığımı bildirirəm. Biz bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab edirik.  Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir. Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir.

Prezident İlham Əliyev Azərbaycanın dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış etdiyini önə çəkərək vurğuladı ki, ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı.

O da qeyd edildi  ki, Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir. Baş nazir 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı. Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı.

2020-ci ilin iyul və avqustunda Ermənistan iki hərbi təxribat törətdi və nəticədə azərbaycanlı hərbçilər həlak oldular. Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi. 2020-ci ilin Vətən müharibəsi 44 gün davam etdi. Bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Müharibə dayandı, lakin Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altında qalırdı. Üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan yeni havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi. 2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi.

Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışları Azərbaycanın həqiqətlərinin, həmçinin artıq tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında zəngin mənbədir. Cənab İlham Əliyev  beynəlxalq təşkilatların tribunlarından Azərbaycanın sülh təcrübəsini əsaslı şəkildə diqqətə çatdırır. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə Azərbaycanın tarixi Zəfərimizdən sonra Ermənistana etdiyi sülh təklifi beynəlxalq dəstək qazandı. Cənab İlham Əliyevin Zirvə Görüşündəki çıxışında qeyd etdiyi kimi, biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən  çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.