YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadi sabitlik investisiya axınını stimullaşdırır

“Sabit iqtisadiyyat, müstəqil maliyyə və iqtisadi sistem bizə imkan verir ki, gələcək planlar barədə danışa bilək. Çünki stabil inkişaf Azərbaycanı işıqlı gələcəyə aparır. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı da bildirdiyi kimi iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkət Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edib. Əlverişli investisiya mühiti sayəsində son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub. Bunun yarısı birbaşa xarici investisiyalardır”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

V.İskəndərov qeyd edib ki, enerji, logistika, nəqliyyat sahələri hazırda Azərbaycanda öz inkişafına görə fərqlənir: “Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Hədəf isə elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Cənab Prezidentin bildirdiyi kimi qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq. Bu da əlbəttə böyük göstəricidir”.

Millət vəkili vurğulayıb ki, indiyədək görülən işlər gələcək inkişaf üçün ilkin şərtdir: “Həmçinin logistika sahəsində də yeni beynəlxalq yollar salınır. Nəqliyyat infrastrukturu yenilənir və beynəlxalq müstəvidə Azərbacan daha vacib nöqtəyə çevrilir. İqtisadiyyatın inkişafında mədənçilik sənayesini də yaddan çıxarmaq olmaz. Bilirsiniz ki, Cənab Prezidentin rəhbərliyi ilə mədənçiliklə əlaqədar dövlət proqramı qəbul edildi. Bu, çox sayda fəaliyyətə təkan verəcək.  Bütün bunlar isə onu deməyə əsas verir ki, neft və qaz iqtisadiyyatımızda aparıcı rol oynasa da digər sahələrin inkişafı da iqtisadiyyata əlavə gəlir gətirəcək. İnvestisiya axınına səbəb olacaq”.