Xəbərlər
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirildi. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahənin inkişaf etdirilməsi, ilk növbədə, ölkənin zəngin təbii resurslarından daha səmərəli istifadə olunmasına, mövcud mineral-xammal bazasının iqtisadi dövriyyəyə cəlb edilməsinə və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə imkan verəcək. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bildirdi ki, ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün təqdim ediləcək. Proqramın hazırlanması üçün bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalandı.
“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamda da qeyd edilir ki, qlobal iqtisadiyyatda gedən enerji keçidi və yüksək texnologiyaların inkişafı fonunda metallara tələbatın yüksəlməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır. Azərbaycanın zəngin mineral ehtiyatları, rəqabətqabiliyyətli enerji təminatı, sənaye təşviqi mexanizmləri və Orta Dəhliz üzərində yerləşməsi əlaqəli sənaye sahələrinin də dayanıqlı inkişafı üçün əlverişli şərait yaradır. Həmin Sərəncama əsasən, bu aylar ərzində proqram üzərində hazırlıq işləri getdi. Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Cənab İlham Əliyev müşavirədə qeyd etdi ki, düzdür, dağ-mədən və metallurgiya sənayesi maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaq. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.
Dövlətimizin başçısı son vaxtlar qəbul olunmuş Dövlət proqramlarına diqqəti yönəldərək onların ölkə iqtisadiyyatını daha da gücləndirəcəyini vurğuladı: “Deyə bilərəm ki, son vaxtlar bir neçə Dövlət Proqramı qəbul olunmuşdur. Qəbul edilmiş bütün proqramlar çox konkretdir, qısamüddətlidir və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Eyni zamanda, bu proqramların icra və nəzarət mexanizmləri də tam hazırdır. Qəbul edilmiş proqramlar arasında əlbəttə ki, ilk növbədə, üç əsas istiqaməti qeyd edərdim, halbuki daha çox proqram qəbul edilib. Amma kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına - həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair Dövlət proqramları, əlbəttə ki, çox böyük vəsait tələb edir. Amma bu proqramlar həm ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda, vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcəkdir”.
Cənab İlham Əliyev Azərbaycanın iqtisadi inkişafından, enerji sektorunda qazanılan uğurlardan, həyata keçirilən sosial layihələrdən də geniş bəhs etdi. Bildirdi ki, bizim həm rolumuz artır, həm nüfuzumuz artır və eyni zamanda, bütün tərəfdaşlar görürlər ki, Azərbaycan son illər ərzində nə qədər irəliyə gedib, nə qədər güclənib ki, bu gün nəinki öz tələbatını tam təmin edir, eyni zamanda, bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib. Sosial infrastrukturla bağlı layihələr uğurla icra edilir. Ona görə qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri şərtləndirir. Təbii ki, maliyyə sistemimizdə, o cümlədən vergi və gömrük sistemində aparılan islahatlar, inzibatçılıqla bağlı bürokratik əngəllərin azaldılması və ləğv edilməsi ilə bağlı atılan addımlar, əlbəttə, belə bir müsbət mənzərə yaratmışdır.
Ötən illərdə həyata keçirilən islahatlar nəticəsində alüminium, qızıl, gümüş və misin sənaye istehsalının əsasları formalaşdırılıb, metal filizi ehtiyatlarının bir hissəsi sənayedə istifadəyə yönəldilib. Daşkəsən və Gədəbəy rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, habelə işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin istehsal və ixrac imkanlarını genişləndirir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan yaradır. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə onu da xüsusi qeyd etdi ki, Növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağıdır. Bu yataq çox perspektivlidir və artıq bir neçə ildir ki, “AzerGold” şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir: “Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər”.
