Xəbərlər
Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Ermənistanı narahat edir
“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin yaratdığı reallıqlardan biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, Böyük Qayıdış Proqramının uğurlu icrası, eyni zamanda, bu ərazilərimizin iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi diqqətdə olması, xarici qonaqlara bu ərazilərdə həyata keçirilən tədbirlərlə yaxından tanış olmaq imkanlarının yaradılmasıdır. Azad Qarabağın və azad Şərqi Zəngəzurun artıq dağıntı mərhələsini arxada qoyaraq bərpa dövrünü yaşaması hər birimizi qürurlandırır. Bu torpaqlara səfər edən hər kəs Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunun şahidinə çevrilir. Tarixi Zəfərimizdən ötən 6 ildə görülən işlərin miqyası ölçüyəgəlməzdir. Bu günlərdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfər etdilər. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak etdi. Diplomatik korpusun nümayəndələri dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması, bərpası istiqamətində görülən tədbirlərlə yaxından tanış oldular. Bu kimi addımlar tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlara beynəlxalq dəstəyin göstəricisidir. Diplomatik korpusun son səfəri göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycanın hazırda dünyaya təqdim etdiyi təkmil sülh modeli özündə mühüm çağırışları ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, qanlı toqquşmalardan, 30 illik işğaldan cəmi iki il keçməmiş sülhə addımlamaq həm çox böyük cəsarət, uzaqgörənlik tələb edir, eyni zamanda, bir daha Azərbaycanın sülh gündəliyini nümayiş etdirir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir və təəssüf doğurur: “Qarabağ Azərbaycanın suveren ərazisidir. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu inkar edir. Ermənistanın, ümumiyyətlə, Qafqaz Albaniyası irsinə belə reaksiyası irqçilik kimi qiymətləndirilə bilər. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Ermənistan cəmiyyətində Qafqaz Albaniyasının və onun mədəni irsinin inkarı, faktiki irqçilikdir. Ermənistan həqiqətə dözümsüzdür. Azərbaycanın ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur. Təhlillər göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyətinin özü dayanır. Bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda gedib”.
Malik Həsənov vurğulayıb ki, Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə inkar etməyə çalışır: “Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil. Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu çağırışı edir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”.
Millət vəkili ümumiləşdirilmiş şəkildə bildirib ki, bütün baş verənlər rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir: “Faktiki Ermənistan müharibədə məğlub olduğu üçün sülhə məcbur edilib. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin sadəcə olaraq sülhə getməkdən başqa yolu qalmamışdır. Ermənistan hakimiyyətinin iştirakı ilə son açıqlamalar və paylaşımlar kampaniya xarakteri daşıyır və Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir. Ermənistan hakimiyyəti revanşist qüvvələri dəstəkləyir”.
