Xəbərlər
Tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Azərbaycan xarici siyasətində ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. Bu baxımdan bu günlərdə Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqətdə oldu. Belə ki, dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, biz yaxşı dost və tərəfdaşıq. Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik: “Əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq”.
Ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına xüsusi diqqət yönəldən cənab İlham Əliyev Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil almasını xatırladaraq bu ənənənin bərpasının vacibliyini bildirdi. Vurğuladı ki, hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək.
Cənab İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın idarəçilik sistemində mühüm yeniliklərindən olan, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimizin Kambocada da maraq doğurmasından bəhs etdi. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər. Əlaqələrin inkişafından danışarkən parlamentlərarası əməkdaşlıq xüsusi vurğulandı. Hər iki ölkə bu əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirir. Belə ki, hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu göstərir.
Keçirilən görüşlərdə, mətbuata bəyanatlarda diqqətdə olan əsas istiqamətlərdən biri təbii ki, sülh və təhlükəsizlik oldu. Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etdi. İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və Böyük Qayıdış Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Kamboca Krallığının Baş naziri Hun Manet bu əminliyi ifadə etdi ki, bugünkü səfərimdən etibarən biz birgə səylərimizlə, məsələn, ticarət əlaqələri kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik. Biz ticarət əlaqələrimizin inkişafı istiqamətində konkret tədbirləri müəyyənləşdirəcək və həyata keçirəcək birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldik. Həmçinin müdafiə, təhlükəsizlik və təhsil sahələrində əməkdaşlıq məsələləri üzərində iş aparmış və bu məsələləri müzakirə etmişik. Çoxtərəfli müstəvidə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə dair ortaq öhdəliyimizə sadiqliyimizi bir daha təsdiqlədik. Kamboca əvvəllər də Azərbaycanın ASEAN-da müşahidəçi statusu əldə etmək və ASEAN ölkələri ilə əlaqələrini inkişaf etdirmək səylərini dəstəkləmişdir: “Hesab edirəm ki, dünyada vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir şəraitdə regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyət, xüsusilə beynəlxalq arenada daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir”.
